“Ermənistanın radikal müxalifəti yeni hədəf tapıb. Bu Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysidir. Xanım səfir “Armenpress” agentliyinə müsahibəsində deyib ki, Amerika erməni xalqına gələcək qurmaqda dəstəyini davam etdirəcək: “Erməni xalqı 2018 və 2021-ci illərdə seçki və demokratiya yoluna üstünlük verdiyini göstərib”. Bununla amerikalı diplomat demək istəyib ki, ermənilər iki dəfə Nikol Paşinyana səsə veriblər və Vaşinqton baş nazir Nikol Paşinyanı dəstəkləyir, küçədə bağıranların isə demokratiya ilə əlaqələri yoxdur”.

SİTAT.İNFO xəbər verir ki, bu fikirləri politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, səfirin açıqlaması radikal müxalifət liderlərinin qəzəbinə səbəb olub: ” Onlar səfiri ittiham ediblər ki, xanım Treysi demokratiyadan danışarkən küçədə döyülən və həbs olunan insanları görmür, buna münasibət bildirmir. Küçədə “döyülənlər” və həbs edilənlər Rusiyanın təsiri altına olan insan və qüvvələrdir. Bu halda Vaşinqton Rusiyanın dəstəkçilərinə və Paşinyanı devirmək istəyənlərə niyə dəstək verməli və ya həbs edilənlərin taleyi ilə maraqlanmalıdır?”

Politoloq hesan edir ki, radikal müxalifətin təmsilçiləri ABŞ səfirini tənqid edərkən Kremlin daha çox xoşuna gəlmək istəyirlər. Bəllidir ki, Kreml Amerikanı tənqid edənləri yanında görmək istəyir. Buna baxmayaraq, Kreml radikal müxalifətin Nikol Paşinyanı devirmək gücündə olmadığının fərqindədir. Buna baxmayaraq, yalandan məlumat yayırlar ki, guya Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son toplantısında Rusiya prezidentindən xahiş etmək istəyib ki, təşkilat yanvar ayında Qazaxıstanda olduğu kimi Ermənistana hərbi qüvvələr göndərsin. Bu Paşinyan əleyhinə xəbər təxribatına bənzəyir. Ermənistan polisi Paşinyana tabedir və küçədəkiləri neytrallaşdırır. Bu halda Paşinyanın kənar müdaxiləyə niyə ehtiyacı olsun ki?”.