07.08.2026 - 23:56
Maqazin 20 baxış

Erkən evlilik: Gələcəyin əlindən alınması və valideyn məsuliyyəti

Erkən evlilik yalnız qanun pozuntusu deyil, həm də uşaqların gələcəyini təhlükə altına qoyan bir addımdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bu barədə açıqlama verib.

Minval.info xəbər verir ki, Ağdaşda yetkinlik yaşına çatmayan bir şəxsin erkən evliliyə cəlb olunması cəhdi ilə bağlı məlumat daxil olub və aidiyyəti qurumlar dərhal tədbirlər görüb. Araşdırma nəticəsində qızın 17 yaşında olduğu müəyyən edilib və planlaşdırılan toy mərasimi təxirə salınıb. Təəssüf ki, bəzi valideynlər bu vəziyyəti işıqlandıran media nümayəndələrinə qarşı aqressiv davranışlar sərgiləyib, onların çəkiliş aparmasına mane olub və kameralarına müdaxilə edib. Bu cür hərəkətlər nə baş verənləri dəyişir, nə də qanun qarşısında məsuliyyəti aradan qaldırır, əksinə, hüquqi məsuliyyəti daha da ağırlaşdıra bilər.

Komitə rəsmisi valideynlərə müraciət edərək bildirib ki, övladlarını vaxtından əvvəl ailə qurmağa məcbur etmək onların xoşbəxt gələcəyini təmin etmir. Əksinə, bu, onların təhsil almaq, inkişaf etmək, peşə sahibi olmaq və müstəqil həyat qurmaq imkanlarını məhdudlaşdırır. Erkən evlilik qız uşaqlarının fiziki və psixoloji sağlamlığı üçün ciddi risklər yaradır və onların həyatını təhlükə altına qoyur.

Övladlarımıza verə biləcəyimiz ən böyük hədiyyə erkən evlilik deyil, keyfiyyətli təhsil, təhlükəsiz mühit və seçim hüququdur. Unutmayaq ki, Azərbaycan qanunvericiliyinə əsasən nikaha daxilolma yaşı 18-dir və bu tələbin məqsədi uşaqların hüquq və mənafelərini qorumaqdır. Gəlin, övladlarımızın gələcəyini qorumaq üçün birlikdə məsuliyyətli olaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: