Dələduzluqda təqsirləndirilən bağça müdirəsi növbəti dəfə hakim qarşısına çıxarılıb. O, hazırda ev dustaqlığındadır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Musazadə Şəfiqə Məhəmməd qızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmə iclasında zərərçəkmişlər və şahidlər ifadə verib.

Ceyhun Quliyev deyib ko, yoldaşını işə düzəltmək üçün Şəfiqə Musazadəyə pul veriblər:

“Yoldaşım Şəhla Quliyeva bağçaya işə düzələcəkdi. Bunun üçün Şəfiqə xanımın yanına getdik. 3500 manat verdik. Sonra da iş alınmadı. Bir neçə ay sonra işdən çıxdı”.

Ceyhun Quliyev bildirib ki, zərər ödəniləcəyi təqdirdə Şəfiqə həbs edilməsini istəmir.

İşə düzəlmək üçün rüşvət verməsi haqda danışan Quliyev bunları deyib: “Mən savadsız adamam. Nə bilərdim ki, rüşvətdir. Özəl bağça olduğu üçün ağlımıza gəlmədi. Dedim bəlkə elə pul vermək lazımdır”.

Məhkəmədə şahid qismində Hicran İsgəndərova deyib ki, qızı Fatmanı bağçaya işə düzəltmək üçün təqsirləndirilən şəxsə 2 min manat pul verib.

Hicran İsgəndərova qızının iki dəfəyə olmaqla 380 manat pul aldığını deyib: “Nəvəm xəstə idi. Dedim ki, qızım da işləsin, borcu-xərci qaytaraq. Axırı da belə oldu. Mən nələr çəkirəm onu Allah bilir. Belə bir vəziyyətdə olan adamın haqqını kim yeyər?”.

Prosesdə iştirak edən zərərçəkmişlər pulları geri qaytarılmasını üçün Şəfiqə Musazadənin ünvanına qarğış ediblər.

“Bu qədər insanın haqqını yedin. Burnundan gəlsin. Bizə elədiklərinə görə mütləq cavab verəcəksən”- deyə zərərçəkənlər söyləyib.

Qeyd edək ki, Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzliq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır.

Şəfiqə Musazadə uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyib. Daha sonra bir neçə dövlət bağçasının direktoru olub.

Ötən il isə Şəfiqə Musazadə özəl bağça açmaq qərarına gəlib. Musazadənin planına uyğun olaraq bağça açılıb və istifadəyə verilib.

Daha sonra Ş.Musazadə bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, aşpaz, mühafizəçi kimi işə götürüb.

Lakin bağça aylarla fəaliyyət göstərsə də cəmi 9 nəfər uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.

Buna görə də Ş.Musazadənin pul alaraq işə götürdüyü Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.