“Heç şou-biznesə qayıtmaq həvəsim yox idi. Çünki şou-biznes bazar olub. Nə keyfiyyət, nə mədəniyyət var. Təkcə bizdə deyil, Rusiyada da yoxdur. Başım çıxmır ki, Olqa Buzova necə bir nömrə ola bilər?”.

“Minval.info” xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov “Ziq-zaq” proqramında deyib. İfaçı səhnəyə fasilə verməsinin səbəblərini açıqlayıb: “Bu fasilədən enerji ilə qayıtmışam. Tam başqayam, dəyişdim. Nə yaxşı belə fasilə eləmişəm. Bu ərəfədə heç nə etmədim, adi insan həyatı yaşadım. Unutdum ki, müğənniyəm, ulduzam. İndi də hər verilişə çıxmağı düşünmürəm”.

Bağırov işləmədiyi dövrdə tanışlarından maddi dəstək aldığını qeyd edib: “Elə bil möcüzə idi. Hər şey özü gəlirdi. Allah sənə elə insanlar göndərir ki… Kimsə mənə pul vermir ki, nəsə alım. İnsanlar mənlə pulsuz işləmək istəyirlər”.

Samir Xalq artisti Aygün Kazımovanın onunla bağlı dediyi “Yenidən səhnəyə qayıtması üçün ona yardım etmək istəyirəm, amma oxumur” açıqlamasına münasibət bildirib: “Heç kimlə əlaqəm yox idi. Görüşmürdük də, ancaq instaqramda bəyənmə, rəy yazmaq və s. Əlaqəm ancaq bu qədər idi. Şou-biznesdə dostluq yoxdur. Heç kəs deyə bilməz ki, şou-biznesdən kiminləsə dostluq edirəm. Sənət dostları var, bu da göstərişdir. Həyatda vəziyyət başqadır, bir-birimizi qırırıq. İstəyirdim oxumaq, “Jara” festivalı vaxtı Aygün Kazımova ilə görüşürdüm. Deyirdim, kömək et mənə, deyir, haradan? Deyirəm, neçə vaxtdır işləmirəm, mahnı almağa pulum yoxdur. Pulsuz mahnı ala biləcəyim cavanlar yoxdur? Deyirdi ki, yoxdur pulsuz mahnı. Heç kimdən incimirəm, özümü günahkar hesab edirəm. Çoxdan başa düşməliydim ki, şou-biznesdə dost yoxdur”.