Ötən ilin dekabrında Çinin Vuhan əyalətində ortaya çıxdıqdan sonra qısa müddətdə 150-dən çox ölkəyə yayılan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunan korona virusunun heç şübhəsiz, ən çox tüğyan etdiyi bölgələrdən biri də Avropa qitəsidir. Halbuki, buradakı ölkəkərdə də vəziyyət olduqca dəyişkəndir.

Xüsusilə, Avropa Birliyi daxilindəki ölkələrin əksəriyyəti virusla mübarizədə xeyli çətinliklər yaşasa da onların arasında qonşu ölkələrlə müqayisədə nisbətən daha müvəffəqiyyətli ölkələr də mövcuddur. Bunlardan biri də Mərkəzi Avropada yerləşən Çexiyadır.

Musavat.com Çexiyanın praguemorning.cz saytına istinadən xəbər verir ki, ölkədə test sayındakı artışa rəğmən, yoluxma statistikasını göstərən qrafik 11 faizdən 5 faizə düşüb. Çexiya Səhiyyə Naziri Adam Voytexə görə bu, Çexiyanın COVİD-19 virusunun kontrolsuz yayılmasının qarşısını ala bildiyinin sübutudur.

Çexiya səhiyyə naziri Adam Voytex

“Biz COVİD-19 virusunun yayılmasının qarşısının alınmasına nail olduq. Bu o deməkdir ki, gələn həftələrdə normal həyata geri dönməyə hazırlaşa bilərik. Ölkəmizdəki vəziyyət İtaliya, İspaniya, ABŞ və ya Birləşmiş Kralıqdakı qədər ağır deyil. Hətta bizdəki situasiya getdikcə yaxşılaşır.”

Çexiyanın Səhiyyə İnformasiyası və Statistikası İnstitutunun (UZIS) direktoru Ladislav Duşek də məlumatı təsdiqləyib. Onun sözlərinə görə, əldə etdikləri məlumat onu göstərir ki, əhali arasındakı yoluxma dayanıb. Statistikaya əsasən, başqa bir insanı yoluxdura bilən insan sayını göstərən reproduktiv say Çexiyada 2.64 səviyyəsindən 1.1 səviyyəsinə düşüb. Səhiyyə Nazirliyi bu sayın 1.02 səviyyəsinə enəcəyini proqnozlaşdırır.

“Bu o demək deyil ki, virus tamamilə ortadan qalxıb, amma hazırda bir insan orta hesabla sadəcə bir şəxsi yoluxdura bilər” deyə, Duşek sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün etibarilə Çexiyadakı toplam yoluxma sayı 5033, indiyə qədər sağalan sayı 181, ölən sayı isə 91 nəfərdir.

Ayxan Abbaslı
Musavat.com

https://www.praguemorning.cz/health-minister-czech-republic-can-start-returning-to-normal/