“Bu 2 ay yas harda görülüb? 2 ay… Quran da hətta yazılıb ki, 3 gün yas saxlanılar”

Bu sözləri müğənni Lalə Məmmədova minval.info-ya açıqlaması zamanı deyib.

Xanım müğənni Məhərrəm ayında toyların davam etməsi ilə bağlı danışan zaman bildirib ki, toyların yenidən dayanması yaxşı hal deyil:

“Bizim işimiz çalıb oxumaqdır. 2 ay işsiz qalmağımız bilirsiniz nə deməkdir? Biz tək özümüz üçün qazanmırıq. Bizim ətrafımızda görün nə qədər insanlar qazanırlar. 2 ay yas heç bir yerdə yoxdur, heç bir yerdə… Bunu da əslində dini dərindən bilən insanlar çox gözəl anlayırlar. Çox gözəl bilirlər ki, mən nəyi demək istəyirəm. Mən demirəm indi 3 gün olsun… Yaxşı, olsun da, 10 gün, 15 gün… Ən ağır günlər keçsin.

2 ay müasir dövrdə işsiz qalmaq nə deməkdir bilirsiniz? Bizim iki aydan sonra sıfırdan başlamağımız deməkdir. Axı belə baxanda da gündə biz toyda deyilik.

Dinimiz uğrunda canından keçənlərə rəhmət diləyirəm. Allah rəhmət eləsin. Dinin mahiyyətinə varanda biz çox gözəl anlayırıq ki, o, insanlığa bir töhvədir. Quranın bizə hədiyyə olunmasıdır. Bu dəqiqə biz özümüz şəhid verən ölkəyik.

İndi bizim müasir dövrdə də belə şəhidlərimiz var, torpaq uğrunda. Onlar din uğrunda, bizimkilər torpaq uğrunda gediblər. Ancaq 40 gündən sonra hər kəs öz işinə qayıdır.

Bunu niyə belə edirsiniz? Camaatın niyə nəfəsini kəsirsiniz? Allaha olan sevgi onunla ölçülmür. 40 günlük yası 10 gün ordan, 10 gün burdan iki aya gətirib çatdırırlar. Heç ərəb ölkələrinin özündə mən bilirəm ki, bu səviyyədə gözlənilmir. Daha doğrusu, bu səviyyədə qeyd olunmur.

Bizdə bunu mən din adamları deməzdim, o xürafatçılar var, aləmi qatan şou düzəldənlər. Bax, bütün bunlar onlarış işidir. Çünki ancaq olara sərf edir. Amma bu insanları da düşünün. Biz qazanırıqsa neçə musiqiçi ailəsinə çörək aparır.

L.Məmmədova deyir ki, müğənnilərin qazandığı pul tək onların özlərinə qalmır, ətraflarında çox adam bu pulla yaşayır: “Studiyada gedib aranjmançıya, bəstəkara, musiqiçilərə xeyir veririk. Məbləq böyük görsənə bilər, amma biz onu tək yemirik. Mən sənətçiyəmsə deməli harasa gedib paltar sifariş etməliyəm və ya paltar almalıyam. Deməli mən yenə də öz dövlətimə xeyir verirəm. Gedib xaricdə pullarımı xərcləmirəm ki…

Deməli mənim moda evlərinə, tekstilə də xeyrim dəyir. Mən salona gedib bəzənirəmsə, deməli salonda işləyənlər də qazanır. Tək musiqiçi ilə iş bitmir. Bizim ətrafımızda böyük bir komanda var. 40 günlük yası gətirib 2 aya çatdırmayın, insanların nəfəsini kəsməyin. Olmaz belə. Onsuz da biz çox gərginik.

Mən şəxsən deyirəm, mən Allahımı da sevirəm, dinimə də hörmətlə yanaşıram. Din uğrunda ölənlərə də rəhmət diləyirəm. Olmasaydılar bu günki günü özbaşınalıqlar baş alıb gedərdi.

Amma islam dininin özü nə deməkdir? Allaha özümü təslim edirəm. Müsəlman sözünün mənası nə deməkdir? Doğru, dürüst əxlaq sahibi deməkdir. Demək ki, doğru – dürüst əxlaq uğrunda canlarından keçiblər. Ən yaxşısı o olardı ki, qazandıqlarımızla savab işlər görək. O daha gözəl olardı. Nəyinki biz iki ay evimizə qapanaq. Olmaz belə…

 

Nərminə Məmmədova