Firdovsi Fikrətzadə: “Müasir suvarma sistemini tətbiq edən bütün istehsalçılar fərmanda nəzərdə tutulan dəstək mexanizmindən faydalanacaq”

Qlobal ərzaq bazarında davam edən bahalıq,  payıza doğru gözlənilən qıtlıq əksər ölkələri əsas ərzaq məhsulu olan buğda ilə təminata xüsusi diqqət ayırmağa sövq edib. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) məlumatına əsasən hazırda dünya bazarında 3 milyon ton buğda çatışmır. Təşkilat bu il buğda istehsalının ötən ilkinə nisbətən 0,6 faiz az olacağını gözləyir. Bu isə payız-qış mövsümündə buğda qiymətlərinin ən azı indiki həddən aşağı düşməsinə imkan verməyəcək.

Belədə buğda ilə özünü tam təmin edə bilməyən hər dövlət zəruri ehtiyatlarını yaratmağa can atır.

Azərbaycan da buğda, xüsusilə də ərzaqlıq buğda ilə özünü təmin edə bilmir. Belə ki, ölkə hər il xaricdən 1,2-1,3 milyon ton ərzaqlıq buğda alır. Mövcud şərtlər daxilində Azərbaycanın da buğda ilə təminat məsələsini diqqətdə saxlaması son dərəcə vacibdir. Artıq aydındır ki, bu mövsümdə ölkəmizin öz-özünü buğda ilə tam təmin etməsi real deyil. Belə ki, bu il ölkə üzrə buğda əkinlərinin sahəsində azalma müşahidə olunmaqdadır. Ötən il ölkədə 608,5 min hektar sahədə payızlıq buğda əkilmişdisə, rəsmi statistikaya əsaəsn bu ilin məhsulu üçün əkin sahələri 6,4 min hektar azalmaqla 602,1 min hektara düşüb. Lakin yazlıq buğda əkinləri keçən ilkindən 2,2 dəfə çox olmaqla 4,2 min hektar təşkil edir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iyundan başlanan taxıl biçini prosesində iyulun 11-dək sahələrin 83,6 faizində yığım başa çatıb. Bu sahələrdən 2,5 milyon ton taxıl əldə olunub. Buğda sahələrində orta məhsuldarlıq 1 hektar üçün 31 sentner təşkil edir.

Taxıl əkənlər sertifikatlaşdırılmış toxum almalıdırlar- - Aqrobiznes

Regionlardan aldığımız məlumata əsasən, bu il ölkədə buğda istehsalı ötənilki səviyyəyə çatmayacaq. Bu isə o deməkdir ki, 2022-2023-cü il mövsümündə daha çox buğda idxal etməli olacağıq. Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən 142 milyon 965,82  min dollar dəyərində 400 748,71 ton buğda idxal edib. Ötən ilin eyni dövründə 102 milyon 23.93 min dollara 401 572.34 ton buğda alınmışdı. Beləliklə, keçən il buğdanın 1 tonunu 254 dollara almışıq, bu il isə il qiymət 356,7 dollara yüksəlib. Bu isə 40,4 faiz bahalaşma deməkdir.

Azərbaycanın buğda təminatında yeganə müsbət məqam iki böyük istehsalçı ölkə ilə qonşu olmağımızdır. Bunlardan biri – ən böyük buğda satıcılarından olan Rusiya ixraca tətbiq etdiyi əlavə rüsumlarla dünya bazarında qiymətlərin bahalaşmasına rəvac verir. Məhz bu səbəbdən də son 6 ildə ərzaqlıq buğdanın 95 faizini Rusiyadan alan Azərbaycan bu ilin yanvarından etibarən idxalının ciddi şəkildə diversifikasiya edib. Belə ki, bu ilin yanvar-aprel aylarında idxal olunan 308 min 42,72 ton (105 milyon 270,19 min dollar) buğdanın 132 min 388,06 tonu (44 milyon 554,91 min dollar) Qazaxıstandan, 175 min 654,65 tonu (60 milyon 715,27 min dollar) Rusiyadan alınıb. Bu, buğda idxalımızın 43 faizinin Qazaxıstandan, 57 faizinin isə Rusiyadan reallaşması deməkdir. Hər bir halda, diversifikasiya olunmuş idxaldansa, yerli istehsalın ölkəni təhlükəsizlik səviyyəsində təmin etməsi daha üstündür. Uzun illərdir taxıl istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması həyata keçirilsə də, bu istiqamətdə ciddi bir irəliləyiş qeydə alınmayıb. Buna görə də Azərbaycan hökuməti buğda istehsalını artırmaq üçün növbəti dəstək mexanizmini işə salmaqdadır. İyulun 19-da Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Bu nazirliyin işçilərinin sosial müdafiəsi gücləndirilir

Fərmana əsasən ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra – tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Nazirlər Kabineti KTN və  Dövlət Ehtiyatları Agentliyinin təklifləri əsasında taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin ərzaqlıq buğdanın dövlət tədarükü, KTN-in təklifləri əsasında ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim edəcək.

Fərmanda diqqəti cəlb edən daha bir məqam odur ki, Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək.

KTN isə ərzaqlıq buğda istehsal etmək məqsədilə müasir suvarma sistemlərini qurmaq istəyən təsərrüfatlara həmin sistemlərin alınması üçün Prezidentin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq güzəştlərin tətbiq olunmasını təmin edəcək.

Dövlət Statistika Komitəsi ölkəyə idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricisini açıqlayacaq.

Nəhayət, fərmanda nəzərdə tutulur ki, ərzaqlıq buğdanın təhvil verilmə dövründə orta idxal statistik göstərici dövlət tədarük qiymətindən aşağı olduğu hallarda, aradakı fərq istehsalçıya kompensasiya olunacaq.

Kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi (Firdovsi Fikrətzadə) - ARB 24 (Gündəm) - YouTube

Firdovsi Fikrətzadə

KTN Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin “Yeni Müsavat”a dediyinə görə, fərmanda nəzərdə tutulan tədbirlər Azərbaycanda müasir suvarma üsullarının tətbiqi yolu ilə buğda istehsalında məhsuldarlığın artırılmasını təşviq edəcək: “Fərman ölkədə ərzaqlıq buğda üzrə yerli istehsalın artırılması üçün yeni dəstək mexanizminin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mexanizm yerli ərzaqlıq buğdanın müasir suvarma sistemləri və isteshsal texnologiyalarının tətbiqi yolu ilə məhsuldarlığının artırılmasını nəzərdə tutduğuna görə xüsusilə əhəmiyyətlidir. Bu, hamıya məlumdur ki, Azərbaycan buğda yetişdirilməsi üçün optimal hesab olunan torpaqlar baxımından varlı ölkə deyil. Hazırda dünyanın ən böyük buğda istehsalçıları olan ölkələrin demək olar ki, hamısı buğdanı dəmyə şəraitində, əlavə suvarılma tətbiq etmədən yetişdirir. Buna onların təbii-iqlim şəraiti və torpaqlarının keyfiyyəti imkan verir. Azərbaycanda həm keyfiyyətli torpaq imkanları məhduddur, həm də iqlim şərtləri dəmyə əkinçiliyi ilə yüksək məhsuldarlıq əldə etməyə uyğun deyil. Buna görə də müasir – sudan səmərəli və qənaətlə istifadə edən sistemlərin tətbiq çox vacibdir. Yeni mexanizm istehsalçıları buna yönləndirir.

Müasir suvarma sistemləri Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması baxımından çox vacibdir. Lakin belə sistemlərin tətbiq böyük investisiya qoyuluşu tələb edir. Məsələn, 1 hektar sahədə pivot suvarma sistemi quraşdırmaq 8 min manata başa gəlir”.

ATM rəhbəri qeyd edir ki, Azərbaycanın Bərdə, Tərtər, Beyləqan kimi rayonlarında adi suvarma ilə rahatlıqla 1 hektardan 45-50 sentner məhsul əldə etmək olur: “Yəni istehsalçı bunun üçün əlavə investisiya qoyuluşu etmir. Lakin nisbətən daha az məhsuldar torpaqlarda sahibkar iri həcmdə investisiya qoyuluşu ilə pivot suvarma sistemi tətbiq edərək 60-65 sentner məhsul əldə edir. Bu sahibkarın dövlət tərəfindən əlavə dəstək alması onu istehsalı genişləndirməyə sövq edəcək, yaxud daha çox sahibkarın eyni addımı atmasına səbəb olacaq. Dövlət onların quraşdıracağı pivot suvarma sistemlərinin dəyərinin 40 faizini özü ödəyəcək, 60 faizi üçün güzəştli kredit ayıracaq”.

Fərmanda digər məqam ərzaqlıq buğda ilə digər buğda anlayışlarının fərqləndirilməsidir: “İndiyədək sahibkar-fermer üçün becərdiyinin hansı növ buğda olduğu əhəmiyyət kəsb etmirdi: istər yemlik, istər ərzaqlıq olsun, yetişdirdiyi məhsulu satmağa rahatlıqla bazar tapır. İndi ərzaqlıq buğda yetişdirənlərə əlavə dəstək tətbiq etməklə dövlət fermerləri məhz bu buğdanın becərilməsinə təşviq edir. Ərzaqlıq buğda istehsalçıları həm əkinə, həm də məhsula görə subsidiya alacaqlar”.

Yuxarıda da qeyd etdik ki, fərmanda idxal olunan buğdanın qiyməti yerli istehsaldan ucuz olduqda, qiymət fərqinin yerli istehsalçıya ödənməsi nəzərdə tutulur. F.Fikrətzadə bildirir ki, bu da yerli istehsalçılarının mənafeyinin müdafiəsinə yönəlib: “Bir çox ölkələrdə buğda böyük investisiya qoyuluşu həyata keçirilmədən istehsal olunur. Elə bir dövr gələ bilər ki, bu şəraitdə idxal olunan buğdanın qiyməti Azərbaycanda istehsal olunan məhsulun maya dəyərindən ucuz olar. Bu zaman aydındır ki, dəyirmanlar ucuz idxal məhsulunu almağa üstünlük verəcəklər. Subsidiya elə müəyyən olunacaq ki, yerli istehsalçının məhsulunu satarkən itirdiyi məbləğ kompensasiya olunsun”.

ATM direktorunun sözlərinə görə, fərmanda nəzərdə tutulan dəstək mexanizmi istisnasız olaraq müasir suvarma sistemlərinin tətbiqi ilə ərzaqlıq buğda istehsal edən bütün istehsalçılara şamil olunacaq: “İriliyindən, xırdalığından asılı olmadan, hər bir istehsalçı bu mexanizmdən faydalana biləcək”.