Vəzifədə olarkən tənqid edilən bir çox sabiqlər növbə ilə istintaqa cəlb olunur. Beləcə, illərdir uzandıqca uzanan korrupsiya kələfindəki düyün çözülməyə başlayır. Həm də illərdir vətəndaşı dövlətdən narazı salan qüvvələr, vəzifədəykən tənqidi qəbul etməyənlər, bunu edənləri “qaraguruhçu” adlandıranlar bu gün həmin məmurları sözün əsl mənasında “quru odun” kimi “baltalayırlar”.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar kişinin qızdırması qalxıb, deyir “öz hayımdayam, Səlimi düşünəcək halda deyiləm”.
İstintaqa cəlb edilməsilə bağlı məlumat yayılan keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə qardaşına yiyə durmur, deyir “onu məndən soruşmayın”.
Belədə istəyirsən soruşasan: bəs nə oldu, vaxt var idi, Əlişə atam deyirdin?! Sonra proseslərə hakim olmaq üçün atalar sözündə təsəlli tapırsan: bağda ərik var idi, salam-məlik var idi, bağda ərik qurtardı, salam-məlik qurtardı.

Qohum-övlad bir yana, hələlik azadlıqda olan sabiqlərin özləri də danışmağa maraq göstərmirlər, necə deyərlər bizim telefon zənglərimiz üçün məəttəl deyillər. Bir danışan sabiq nəqliyyat naziri Ziya Məmmədovdur, o da bizim kimi dolanışıqdan gileylənir, öz aləmində bizi dolayır. Daha demir ki, örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan keçəcək.

Hətta bir vaxtlar işi düşən kimi zəng edənlər, dost deyənlər indi zəngimizə “otboy” verməklə öz aləmlərində susurlar. Amma “susqunluq razılıq əlamətidir” deyimini unudurlar. Bir pis xəbərim də var sabiqlərə ki, siz susmağa başlayanda faktlar danışacaq, büdcədən oğurladığınız milyonlar, aylıq pensiyası kəsilən qocalar, əlillər, qazilər, övladına dərman ala bilməyən gözüyaşlı anaların ahı danışacaq. Odur ki, “otboy” verəndə yüz ölçün, bir biçin…

Səlim Müslümov, vəzifədəykən nazirliyin Aparat rəhbəri işləyən, şair təbiətli Əjdər Olla başlayan prosesin hələ çox məmur aparacağı gözlənilir. Bəs kələfin ucundakı düyün, tək müqəssir, barəsində cinayət işi açılan elə Səlim Müslümov idi? Əsla! Ölkəni bir anın içində qaranlığa qərq edən “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev, əyri-üyrü yolları “asfaltlamaqla” öz ailə biznesini genişləndirən keçmiş nəqliyyat naziri Ziya Məmmədov, uzun illər paytaxt Bakını ovcunda nar kimi sıxıb, suyunu “vitamin” kimi qəbul edən Hacıbala Abutalıbov, Kənd Təsərrüfatı Nazirliyini “şumlayan” İsmət Abbasov, uzun illər sahibkarları vergi məngənəsində boğan Fazil Məmmədov…

Siyahını uzatmaq olardı, amma buna lüzum yoxdur. Çünki xalqın olanlar mütləq xalqa qaytarılacaq! Büdcə oğruları növbə ilə taladıqları büdcə vəsaitini sahibinə geri verəcəklər. Əks təqdirdə “dəmir yumruq” həyatlarının ortasında elə bir çuxur oyacaq ki, ömür-billah ordan çıxa bilməyəcəklər. Sonra demədi deməyin…