Tibb ekspertləri koronavirusun səbəb olduğu xəstəliyin inkişaf mərhələlərini açıqlayıb.

Musavat.com xəbər verir ki, bununla bağlı “Russia Today” kanalının Anton Krasovski müəllifliyində “Epidemiya” adlı proqramında Rusiyanın baş pulmonoloqu (pulmonologiya tənəffüs yollarını ehtiva edən xəstəliklərlə məşğul olan bir tibb ixtisasıdır-red.) Aleksandr Çuçalin xüsusi müsahibə verib.

Onun sözlərinə görə, yeni tip koronavirusun əmələ gətirdiyi COVİD-19 xəstəliyi 4 mərhələdən keçir.

Birinci mərhələ yeddi gündən 10 günə qədər davam edir və “virusemiya” adlanır. İlkin dövrdə bu daha çox adi soyuqdəyməni xatırladır.

Situasiya 9-cu gündən başlayaraq 14-cü günə qədər davam edən bir müddətdə kəskin dəyişir. Çünki bu vaxt orqanizmlərin epitel hüceyrələrinin zədələnməsi prosesi başlayır.

Aleksandr Çuçalin məhz bu vaxt virus-bakterial pnevmoniyanın inkişaf etdiyini qeyd edir. “Nəfəs yollarının anatomik məkanında mikroorqanizmlərin və bakteriyaların kolonzasiyası baş verir, bu isə xəstəni ölümə doğru aparan bir mərhələdir.

Əgər xəstəlik həmin mərhələdə nəzarət altına alınmasa infeksiyaya yoluxmuş insanda kəskin tənəffüs çətinliyi sindromu və ya kardiogen olmayan ağciyər ödemi başlayır. Burada artıq insan süni nəfəs aparatına qoşulmadan yaşaya bilməz.

Xəstəliyin dördüncü mərhələsi isə artıq immunosupressiyaya çevrilməsi dövrüdür. Bu isə insanın anadangəlmə və qazanılmış immunitetinin zədələnməsi deməkdir.

“Bu ölümcül bir haldır, çünki artıq xəstəliyə təhlükəli “Pseudomonas aeruginosa” çubuqları və göbələklər kimi aqressiv patogenlər qoşulur””,-deyə Aleksandr Çuçalin bildirib.