18.09.2026 - 13:10
Maqazin 14 baxış

Azərbaycan dəmir yolları Çindən 7 lokomotiv aldı

Azərbaycan Dəmir Yolları (ADY) QSC Çindən 7 ədəd AC50 tipli lokomotiv alıb. Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti tərəfindən istehsal edilən bu müasir yük lokomotivləri artıq Bakıya çatdırılıb. Lokomotivlər qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə fərqlənir. Bu xüsusiyyətlər, ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan yaradır.

Minval.info xəbər verir ki, yeni magistral teplovozlar müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz olunub. Texniki xidmət dövriliyinin 90 gün müəyyən edilməsi, lokomotivlərin etibarlı və fasiləsiz istismarını təmin edir. Lokomotivlərin əsas çəninin tutumu 2 min litr sıxılmış hava təşkil edir və 2 kompressordan ibarətdir ki, bu da daha uzun tərkibli qatarların daşınmasına imkan yaradır.

AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivlərin xüsusi emissiya tələbləri olan ərazilərdə sərbəst istifadə edilməsinə imkan yaradır. Yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq. Azərbaycan Dəmir Yolları, lokomotiv parkının yenilənməsi və beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi istiqamətində işlərini davam etdirəcək. Növbəti mərhələdə 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: