10-12 oktyabr 2019-cu il tarixində İstanbulun “Florence Nightingale” hospitalında Dünya qaraciyər və mədəaltı vəzi cərrahları cəmiyyətinin 3-cü simpoziumu (3rd İnternational Advanced Liver and Pancreas Surgery Simposium) keçirilib.

Musavat.com-a verilən məlumata görə, simpoziumda ölkıəmizi Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü,Tibb üzrə elmlər doktoru, professor Nuru Bayramov, həmin kafedranın dissertantı Tibb üzrə fəlsəfə doktoru Namiq Novruzov və əməkdaşı Evin İsazadə layiqincə təmsil edib.

Professor Nuru Bayramov dünya səviyyəli nüfuzlu Simpoziumun iclaslarından birinə sədrlik edib. Onun çıxışı və elmi şərhləri dünyanın tanınmış qaaraciyər və mədəaltı vəzi cərrahları tərəfindən maraqla qarşılanıb. Bir neçə ay əvvəl öz adını Ginnesin rekordlar kitabına yazdırmış (eyni vaxtda 5 donordan 5 xəstəyə qaraciyər köçürülməsi əməliyyatlarında bilavasitə iştiraka və beynəlxalq ekspert rolunda fəaliyyətinə görə) professor Bayramov Beynəlxalq qaraciyər və mədəaltı vəzi cərrahları cəmiyyətinin (İSLS – İnternational Society Liver Surgeons) versiyası üzrə dünyanın ən məşhur 104 qaraciyər cərrahları siyahısına daxil edilib.