Jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən nüfuzlu universitetlərindən birinə Massachusetts İnstitute of Technology (MİT) Computer Science ixtisasına qəbul olub. 

Minval.info xəbər verir ki, bu barədə məlumatı iqtisadi ekspert Qubad İbadoğlu şəxsi feysbuk hesabında paylaşıb.

Ekspert paylaşımında universitet barədə də məlumat verib. O bildirib ki, sözügedən təhsil ocağını bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88200 dollardır:

“MİT Massachusetts ştatının Boston ərazisinin Kembric şəhərində yerləşən kiçik özəl məktəbdir. Bakalavr tələbələrinin sayı 4510 nəfərdir. Bu universitetdə təhsil haqqı 53,790 dollardır. Qəbul olunma dərəcəsi 7 faizdir. Kompyuter elmləri, Mexaniki mühəndislik və Riyaziyyat ən populyar ixtisasıdır. Tələbələrinin Universiteti bitirmə faizi 94-dür. Bu Universiteti bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88200 dollardır. ABŞ-ın 1 nömrəli kompyuter elmləri məktəbi bu institut hesab olunur. MIT Quacquarelli Symonds (QS) 2019-20-ci il reytinqində dünya üzrə 1-ci, Times Higher Education 2020 reytinqində dünya üzrə 5-ci yerdədir”.

Xatırladaq ki, Abulatıb bu ilin yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanmışdı.