Bu ilin I yarısında Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrində xidmətlərin ümumi dəyəri 4,4 milyard ABŞ dolları təşkil edib.

“MİNVAL.İNFO” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 2,9 milyard dolları qeyri-rezidentlərin Azərbaycanın rezidentlərinə, 1,5 milyard dolları isə Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi xidmətlərin dəyəridir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 2,1% azalaraq 1,3 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 976,9 milyon dollar (20,1% az), qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 323,6 milyon dollar (3,1 dəfə çox) təşkil edib.

Qarşılıqlı xidmət dövriyyəsinin 41,6%-i nəqliyyat sahəsi üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1,8 milyard dollar olan nəqliyyat xidmətlərinin 60,6%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,1 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 721,6 milyon dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 11,9%, idxalı isə 14,1% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ilin I 56,5 milyon dollar olan profisit 2021-ci ilin I yarısında 6,9 dəfə artraq 389,5 milyon dollar qalıqla əvəzlənib.

Hesabat dövründə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2,2 dəfə azalaraq 252,1 milyon dollar təşkil edib. Turizm xidmətləri üzrə idxalın (188,5 milyon dollar) ixracı (63,6 milyon dollar) üstələməsi nəticəsində 124,9 milyon dollarlıq kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3,3 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2,1 dəfə azalıb.

Rüb ərzində xarici ölkələrin Azərbaycan rezidentlərinə göstərdiyi turizm xidmətlərinin dəyəri 188,5 milyon dollar olub ki, bunun da 90,2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 4,2 dəfə azalaraq 1,7 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 42,7% artaraq 418 milyon dollar olub.