“Altın Kelebek” mükafatlarının builki azərbaycanlı namizədlərinin səsverməsi başa çatıb.

Musavat.com xəbər verir ki, “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə Xalq artist Röya Ayxan, müğənnilər Nura Suri, Gülay Zeynallı, Sevda Yahyayeva, Elçin Cəfərov, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva mübarizə aparıb. Mükafatlandırma gecəsi ilə bağlı tədbir isə noyabrın 16-da keçiriləcək. Tədbirin siması, “Hercai” serialının aktrisası Ebru Şahin də həmin tarixdə Bakıya gələcək və “Azərbaycanın parlaq ulduzu” bəlli olacaq. Qalib “Altın Kelebek”in Türkiyədə keçiriləcək gecəsinə qatılacaq.

Lakin azərbaycanlı namizədlərin kimliyi sosial şəbəkədə müzakirələrə səbəb olub. Çünki onlar arasında illərdir ki, heç bir iş görməyən ifaçılar var.

Musavat.com Azərbaycanlı namizədlərin son illər gördüyü işləri toplayıb.  Xalq artisti Röya Ayxan ilk dəfə “Altın Kelebek”ə sahib olan azərbaycanlı məşhurdur.  Müğənni Nigar Camalla mübarizə aparan ifaçı sonda istəyinə nail olmuşdu. Iki sənətçinin mükafatlandırma gecəsində yaşadığı qalmaqal da uzun müddət gündəmi zəbt etmişdi.

Röya daim üzərində işləyib, ard-arda yeni kliplər və mahnılar təqdim etsə də, daha öncə mükafata layiq görülən ifaçının yenidən namizəd olması haqsızlıq adlandırılır.

Müğənni Nura Suri son illər yeniliklərə imza atması ilə gündəmdədir. Nura ard-arda üç klip və fotosessiyalar təqdim edib. Suri sosial problemlərə münasibət bildirərək ictimai fiqur kimi sözünü də deyir.

Müğənni Murad Arif isə son illər ulduzu parlayan müğənnilərdəndir. Ard-arda hit mahnılara imza atan ifaçıya toy bazarında da tələbat böyükdür.

Müğənni Gülay Zeynallı yeni işlər təqdim etsə də, əsasən ailə həyatı ilə bağlı açıqlamaları ilə gündəmdədir.

Müğənni Sevda Yahyayeva yeni mahnılar təqdim etsə də, öncəki illərə nisbətən gündəmdən kənardır. O efirlərə də tez-tez çıxmır.

Müğənni Elçin Cəfərov demək olar ki, üzərində çalışmır. İfaçının ailə qurduqdan sonra passivləşdiyini desək, yeridir.

Müğənni Xəyyam Nisanov isə əsasən Rusiya toy bazarı üçün işləyir. Son illər onun hit olan mahnısı yoxdur.

Müğənni Azad Şabanova isə əsasən toylarda rast gəlinir. Onun 2019-cu ilin parlaq ulduzu olma ehtimalı sıfırdır.

“Altın Kelebek”ə bu il namizəd olan aktrisalarımız da var. Aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva istər şəxsi həyatları istərsə də, iş fəaliyyətləri ilə gündəmdədir.

Aktrisa Oksana Rəsulova övladı və həyat yoldaşı ilə bağlı gündəmdən düşməsə də, yeni işlərə də imza atır. Onun prodüserlik etdiyi və baş rolu canlandırdığı “Sevgi romanı” filmi fevral ayında tamaşaçılara təqdim olunacaq.

Aktrisa Pərvin Abiyeva dekolteli geyimləri və yeni sevgilisi ilə maqazin düqnyasında özünə yer tapa bilib. Aktrisanın rol aldığı və Türkiyə istehsalı olan “Hareket sekiz” filmi hazırda kinoteatrlarda nümayiş edilir.