“Eurovision” təmsilçimiz Səmra Rəhimli hip-hop janrında albom hazırlayıb.

Musavat.com xəbər verir ki, müğənni özünün “Göz” adlı yeni albomundan ilk sinqli təqdim edib. Məşhur reper “XXXTentacion”ın “Moonlight” hitinin təsiri altında yaradılmış “Online” mahnısını təqdim edib. O bildirib ki, bu trek həyatdan nakam getmiş reperlərin xatirəsinə həsr edilib.

“Yerli şou-biznesdə bu albomun oxşarı yoxdur, çünki o, Azərbaycanda hip-hop janrında ilk qadın albomudur, alboma daxil edilmiş on trekin hamısı bu janrda yazılıb. Hip-hop bir janr kimi məni həmişə cəlb edirdi, hətta məktəb illərində, amma ingilis dilində replər oxuyurdum, o illərin məşhur reperlərinin ifalarına qulaq asır və onların oxuduqlarını təkrarlayırdım. Bu janr məni rahat buraxmırdı və mən həmişə anamdan soruşurdum: “Maraqlıdır, bu treklərin sədaları altında azərbaycanca sözləri necə səslənəcək, onlar bizim dinləyicilər tərəfindən seviləcəklərmi?

Yaxşı deyiblər: niyyətin hara, mənzilin də ora! İllər sonra mən öz sevimli hip-hop janrıma qayıtdım və anamla bərabər bizimlə eyni zövqlü, mənim kimi “görən” və eşidən insanlar tapmaq üçün xeyli vaxt sərf etdik. Və belə insanları tapdıq. Uğurlu “Armas” sinqlindən sonra biz bu istiqamətdə işi davam etməyi qərara aldıq – yeni treklər yazmağa başladıq və bir də onda oyandıq ki, bütöv bir albom üçün material yığılıb…

Mən həmişə keyfiyyətli, dünənkidən daha yaxşı məhsul buraxmağa çalışıram. Bəlkə də çoxları üçün mənim bu sözlərim təvazökarlıqdan kənar görünəcək, amma mən tam məsuliyyətlə bildirirəm: “Göz” albomu Azərbaycan şou-biznesində yenilikdir. Bu, belə formatda birinci qadın layihəsidir…

Biz, necə deyərlər, məmnunluq müddətini artırmaq məsələsini birlikdə, komanda şəklində həll etmişik, buna görə albomu şəbəkədə tam halda paylaşmadıq”.

Qeyd edək ki, “Göz” albomu üzərində gənc reperlərin və “synapsproduction” musiqiçilərinin bütöv bir qrupu işləyib: sözlərinin müəllifi “Clavis” və “OD”, musiqi “OD”, aranjiman “Clavis”, uzlaşdırma  “Drek”indir.