01.11.2026 - 16:04
Avropada nə baş verir: böhran daha da dərinləşə bilər
Dünya 137 baxış

Avropada nə baş verir: böhran daha da dərinləşə bilər

Son illərdə Avropa dövlətlərində müşahidə olunan sosial narazılıqlar, kütləvi etirazlar, hökumət böhranları, fermer və sənaye işçilərinin tətilləri, miqrasiya ətrafında mübahisələr və siyasi qütbləşmə “köhnə qitə”nin üzləşdiyi çoxşaxəli problemləri gündəmə gətirib.

Publika.az xəbər verir ki, bir sıra Avropa ölkələrində cəmiyyətin müxtəlif təbəqələri hökumətlərin iqtisadi, sosial və miqrasiya siyasətindən narazılıqlarını küçə etirazları vasitəsilə ifadə edirlər. Lakin bu hadisələri yalnız bir səbəblə izah etmək düzgün olmazdı. Mövcud vəziyyət uzun müddət ərzində toplanmış iqtisadi, siyasi, sosial və təhlükəsizlik problemlərinin bir-birinə təsirinin nəticəsidir. Avropada baş verənləri anlamaq üçün emosional siyasi qiymətləndirmələrdən daha çox statistik göstəricilərə və beynəlxalq təşkilatların hesabatlarına nəzər salmaq lazımdır.

Avropada sosial narazılığın əsas səbəblərindən biri əhalinin gündəlik xərclərinin artmasıdır. Enerji, ərzaq, kirayə və mənzil qiymətlərinin yüksəlməsi xüsusilə aşağı və orta gəlirli ailələrə ciddi təsir göstərir. Avropa Parlamentinin 2026-cı ilin yazında keçirdiyi “Eurobarometer” sorğusuna əsasən Avropa İttifaqı (Aİ) vətəndaşlarının 36 faizi yaşayış xərclərinin artmasını öz ölkələrində əsas problemlərdən biri hesab edir. Vətəndaşların 29 faizi yaxın illərdə həyat səviyyəsinin aşağı düşəcəyini gözləyir.

Həm Ukrayna ilə Rusiya, həm də İran ilə ABŞ arasındakı qarşıdurma Avropanın enerji təhlükəsizliyinə böyük təhdid yaradıb. Rusiyanı cəzalandırmaq üçün ondan neft, qaz və digər neft məhsullarının idxalından imtina edən Avropa enerji çatışmazlığı ilə qarşılaşdı. Bu azmış kimi Yaxın Şərqdəki gərginliyin nəticəsində Hörmüz boğazının bağlanması Avropada enerji böhranı yaratdı və qiymətlər rekord həddə artdı.

Avropa dövlətlərində baş verən etirazlar, siyasi böhranlar və sosial narazılıqlar təsadüfi hadisələr deyil. Onların arxasında uzun müddət ərzində formalaşmış iqtisadi və sosial problemlər, geosiyasi qarşıdurmalar, enerji təhlükəsizliyi, miqrasiya siyasəti və siyasi idarəetmə ilə bağlı çətinliklər dayanır. Əsas məsələ bu problemlərin bir-biri ilə asılı olması, bir-birini artırmasıdır. Məsələn, enerji qiymətlərinin artması istehsal xərclərini yüksəldir, bu isə məhsul və xidmətlərin bahalaşmasına səbəb olur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: