”Qeyri-infeksion xəstəliklər tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır”.

News24.az xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev “‘Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.

Q.Haqverdiyev deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda keçirilən qeyri-infeksion xəstəliklərin öyrənilməsi, STEPS sorğusunun nəticələri insanların sağlam həyat tərzi vərdişlərinə yiyələnməsinin vacib olduğunu göstərdi: “2017-ci ilin may ayından 2018-ci ilin mart ayına qədər qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin araşdırılması üzrə STEPS sorğusu keçirilib. Sorğuya əsasən, 18-69 yaş arasında 2801 nəfər iştirak edib. Onlar arasında siqaret çəkənlər 24 faizdir. Sorğuda istirak edən kişilərin 48.8 faizi qadınların isə 0.2 faizi siqaret çəkir. 45-69 yaşlı kişilər arasında alkoqol istehlakı 30 faizə yaxındır. 18-44 yaşlılar arasında bu göstərici 27 faizə yaxındır. Alkoqol qəbul edənlərin 27 faizi şəhərdə, 28 faizi isə kənd yerlərində yaşayır. Həkim məsləhəti, və ya içkinin mənfi təsiri kimi sağlamlıq səbəblərinə görə içkidən imtina etməli olan köhnə içənlər (son 12 ay ərzində alkoqol qəbul etməyənlər) arasında kişilərin faiz nisbəti 41.2 olub.

”Sorğunun nəticələrini təhlil edəndə onu da görürük ki, məsələn, əgər 2011-ci ildə iştirakçıların yalnız 15 faizi gündə 400 qram meyvə və tərəvəz qəbul etdiyini bildiribsə, 2017-ci ildə bu rəqəm artıq 25 faiz idi. Deməli, maarifləndirmə və sağlam həyat tərzi istiqamətində aparılan təbliğat insanların adət etdiyi vərdişləri dəyişməsinə təkan verir” – deyə Q.Haqverdiyev əlavə edib.