Akif Çovdarov

Generalın məhkəməsi qapalı keçirilir, ən yaxın adamı isə…

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Əziz Seyidovun sədrliyi ilə qapalı keçirilən prosesdə iş üzrə maraqlı şəxslər Akif Çovdarovun ailə üzvləri yeni vəkil Nəriman Əliyevlə müqavilə bağlayıb.

APA-nın məlumatına görə, işə qoşulan vəkil cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses noyabrın 28-nə qədər təxirə salınıb. Akif Çovdarovla bağlı olan digər xəbər onunla birgə həbs edilən MTN-in Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini olmuş Orxan Osmanovun azadlığa buraxılmasıdır. Bakupost.az-ın məlumatına görə, Orxan Osmanova verilən cəza müddəti başa çatdığından o, saxlandığı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb. Qeyd edək ki, Akif Çovdarov və digərləri 2015-ci ildə həbs olunub. Ona verilən ittihamlar sırasında Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan 3 milyon manat tələb edilməsində, onun qardaşı oğlu Şövqü Xeyrulla oğlu Əhmədovu döyməkdə suçlu bilinirdi. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş kapitan Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Ali Məhkəmədə Akif Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib. O da cəza müddəti başa çatdıqdan azadlığa çıxıb. Akif Çovdarov və dəstə üzvlərinin 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qədimova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apelyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib.