29.08.2026 - 13:19
Təhsil 48 baxış

Abituriyentlər üçün boş plan yerləri açıqdır!

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi prosesi başlayıb. Bu seçim prosesi avqustun 28-dən sentyabrın 2-si saat 23:59-dək davam edəcək.

Minval.info xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlər boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər. Boş plan yerlərinə qəbul şansını artırmaq üçün ixtisas seçimi zamanı diqqətli olmaq vacibdir. Təhsil eksperti Əmrah Həsənli bildirir ki, ali təhsil müəssisələrində qəbul faizi 97 faizdən yuxarı olub və plan yerlərinin təxminən 3 faizi boş qalıb.

Boş plan yerləri üzrə seçim zamanı rəqabət yüksək olacaq. Xüsusilə 3-cü qrup üzrə ixtisas seçimi gərgin keçəcək, burada cəmi 5 plan yeri qalıb. Bu yerlər Bakı Dövlət Universitetində kitabxanaçılıq və informasiya təminatı ixtisaslarına aiddir və tədris ingilis dilində aparılır. Yüksək bal toplayan abituriyentlər bu yerlər üçün müraciət edə bilərlər.

1-ci ixtisas qrupunda riyaziyyat-informatika alt qrupunda da vəziyyət oxşardır. Bakı Ali Neft Məktəbində qalan ixtisasların keçid balı 600-dən yuxarıdır. 1-ci və 2-ci ixtisas qruplarının riyaziyyat-kimya altqruplarında isə vəziyyət nisbətən yaxşıdır, lakin abituriyentlər yenə də diqqətli seçim etməlidirlər. Ümumilikdə 28 min nəfərə yaxın abituriyent müsabiqədən kənarda qalıb və onlar boş qalan plan yerlərində iştirak edəcəklər.

Abituriyentlər universitetlərdəki boş plan yerləri ilə yanaşı, 11 illik təhsil bazasında kolleclərə də ixtisas seçimi edə bilərlər. Bunun üçün portal vasitəsilə kolleclərin ixtisaslarını da seçimə əlavə etmək mümkündür. Müsabiqə vəziyyəti gərgin keçsə də, qəbul faizi 1,5 faiz arta bilər.

Əmrah Həsənli qəbul prosesində başqa bir uyğunsuzluğun da olduğunu qeyd edir. 28 avqustdan 8 sentyabra qədər ali təhsil müəssisələrinə qəbul olan gənclərin “my.gov” platforması üzərindən qeydiyyatı aparılır. Xaricdəki universitetlərə qəbul olan və ya ödəniş məsələsinə görə ali məktəblərdən imtina edən gənclər səbəbindən müəyyən həqiqi boş yerlər yaranacaq, lakin bu yerlər müsabiqə müddəti bitdiyi üçün digər abituriyentlər tərəfindən seçilə bilməyəcək. Dövlət İmtahan Mərkəzi bu mexanizmə düzəliş etməlidir ki, boş qalan yerlərə digər abituriyentlər və ya subbakalavrlar üçün şans yaradılsın.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: