03.08.2026 - 18:37
Ölkə 24 baxış

2026-cı ilin möhtəşəm günəş tutulması: Avqust ayında nələri qaçıracaqsınız?

2026-cı ilin ikinci və son tam Günəş tutulması avqustun 12-də baş verəcək. Bu astronomik hadisə tam Günəş tutulması olacaq.

Minval.info xəbər verir ki, Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından alınan məlumata görə, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsində görünəcək. Qismən tutulma isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində müşahidə ediləcək.

Bakı vaxtı ilə tutulma saat 19:34-də başlayacaq və 23:57-də sona çatacaq. Maksimum faza isə saat 21:46-da baş verəcək. Təxminən 5 saat davam edəcək bu hadisə zamanı günəş diskinin tam tutulması təqribən 7 dəqiqə sürəcək.

Tutulmaların tipi Günəş, Ay və Yerin kosmosdakı qarşılıqlı vəziyyətindən və müşahidəçinin mövqeyindən asılıdır. Ay orbitinin Yer orbiti ilə kəsişmə nöqtəsində yeni Ay fazası baş verdikdə və Günəş, Ay və Yer eyni xətt üzərində yerləşdikdə Günəş tutulması yaranır. Tam Günəş tutulmasını yalnız Ayın tam kölgəsinə düşən müşahidəçi izləyə bilir. Kölgə mərkəzindən uzaqlaşdıqca Günəş diskinin örtülmə faizi azalır və yarımkölgədəki müşahidəçi isə ancaq qismən tutulma görür. Əgər Ay düyün nöqtəsindən bir az uzaqda yerləşərsə, bu zaman tam tutulma müşahidə olunmur.

Azərbaycandan bu ilin son Günəş tutulması müşahidə edilməyəcək. Ölkəmizdə son dəfə 25 oktyabr 2022-ci ildə qismən Günəş tutulması müşahidə olunmuşdu. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək və bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: