İyulun 2-də Azərbaycan Polisi özünün yaranmasının 102-ci ildönümünü qeyd edir. 1998-ci ildən iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Musavat.com-un məlumatına görə, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları Azərbaycan Cümhuriyyətinin 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

Bu gün Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

eyvazov.JPG (902 KB)

Bu gün  Prezident İlham Əliyevin sərəncamı ilə nazirliyin rəhbər heyətində təmsil olunan 3 nəfərə general rütbələri, 26 nəfərə isə müxtəlif dövlət mükafatları veriliib. Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd edilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimova general-leytenant rütbəsi verilib. Nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Teymur Hacıyevə isə polis general-mayoru rütbəsi verilib.

EYVAZOV22.jpg (95 KB)

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur.

“Yeni Müsavat” Media Qrupunun kolektivi əlamətdar gün münasibəti ilə Azərbaycanın polis heyətini təbrik edir.