“Hansı yerlərdə dövlət tərəfindən iş yerləri bağlandısa, həmin işçilərə də birdəfəlik ödəmələr edildi. Bu o demək deyil ki, hər hansı say azalmasına gedildi”.  

“Report” xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün üçün siyahıda olan şəxslərin yenidən ödəniş alması ilə bağlı yoxlanış kriteriyalarına heç bir dəyişiklik olmayıb: “Qaydalar elə əvvəlki kimidir. İctimai iş yerlərinə gəlincə, iş təkcə haranısa süpürməklə bağlı deyil. Siyahıda kifayət qədər başqa iş təklifləri var. Bu sadəcə sosial dəstək üçündür və aztəminatlı şəxslərə görə nəzərdə tutulub. Aztəminatlılıq meyarına görə 190 manatdan imtina alanlara iş təklifi edilsə də, təxminən 20 minə yaxın şəxs (1%) bununla razılaşmayıb. Orta gəlirli insanlar üçün başqa mexanizmlər var idi. Bunun üçün sahibkarlara müəyyən güzəştlər edildi. Kimsə deməsin ki, yüksək ixtisaslı mütəxəssis ictimai işlərə cəlb edilsin. Çünki hər iki təbəqə üçün fərdi mexanizmlər hazırlanıb”.

S.Babayev bildirib ki, pandemiya dövründə bir çox iş yerlərinin bağlanması qaçılmaz idi: “Kimsə də zəmanət verə bilməzdi ki, bağlanan iş yerlərində çalışanların hamısı iş tapacaqdı”.