Zamin HACIXalqımız sarıdan bəzən pis, ümidsiz fikirlərə düşürük, ancaq elə faktlara rast gəlirsən ki, 360 dərəcə fikrini dəyişirsən. (Riyaziyyatı alababat oxuyanlar cümləmi anlayacaqdır). Məsələn, keçən il bir məktəbli uşaq yağış suyundan elektrik enerjisi almaq üçün qurğu qayırmışdı, bütün millət onun başına and içirdi, hətta deputatlar növbə ilə gedib uşağın yanında durub şəkil çəkdirirdilər.

Həqiqətən əcaib qurğu idi, dünyada analoqu olmamışdı: yağış suyu yuxarıdan bir konusvari qabın içinə yığılıb sonra üzüaşağı axmalıydı, nəticədə pərlər hərəkətə gəlib elektrik hasil etməliydi. Düzdür, yuxarıdan tökülən sudan elektrik enerjisi alınması çox da təzə kəşf deyil, su elektrik stansiyaları elə bunun sayəsində işləyir. Ümumiyyətlə, sizə bir sirr açım: əslində bütün elektrik stansiyaları su ilə işləyir, o cümlədən atom və istilik ES-ləri. Birində zəncirvari nüvə reaksiyası, ikincisində qaz (ya da mazut-zad) suyu buxara çevirir, sonra həmin buxar təzyiqlə pərləri fırladır. Ancaq yağışdan enerji almaq təzə icad idi, heyf ki, ondan sonra yağış yağmadı bilək necə olacaq. Mollanın sözü olmasın, nəzəriyyəsi yaxşı idi, əməliyyəsi bir az şey oldu. Təbiətin bizimlə müəyyən mənfi münasibətləri vardır, yağış qurğusu qayırsaq külək əsir, külək qurğusu düzəltsək sel-su Sabirabadı basacaqdı.

Uzun sözün qısası, bugünlərdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi (ümid edirəm AMİP lideri Etibar Məmmədovun adına küçə qoyacaq qədər erroziyaya uğramamışıq, bu kimsə ayrı adamdır – Z.H.) ev 5a, mənzil 14-də yaşayan Osman Sərkərov adlı yoldaşdan məktub almışam. Diqqətli oxucu məktub müəllifinin ünvanını qəzetdə yazmaqla bəlkə düzgün etmədiyimi düşünər. Ancaq söhbət ondadır ki, Osman bəy indiyə qədər bütün əlaqədar və qeyri-əlaqədar dövlət orqanlarına o qədər məktub yazıb, bəlkə poçtunuza baxsanız sizdə də onun məktubu çıxacaqdır. Məsələn, mənim hesablamama görə, 2019-cu ilin yayına qədər Osman bəyin təkcə Mədəniyyət Nazirliyinə yazdığı məktubların sayı 29-a yaxındır (bir-ikisini poçtalyon itirə bilər, o üzdən təxmini yazıram). Bəs bu adam kimdir, nəçidir, niyə respublikamızda epistolyar janrın inkişafına belə töhfə verməkdədir? İlk növbədə qeyd edim ki, Osman bəy mətbuatımıza dövlət qayğısı artıb qəzetlər aradan qalxana qədər küçədə qəzet satıcısı işləmişdir, indi nə işlə məşqulat edir, düzü, xəbərim yoxdur.

Ardını məktubdan oxuyaq: “Sağ olsunlar, hansısa təşkilat Hövsanda 2 mərtəbəli kitabxana tikib istifadəyə verib. İçi çeşidli kitablarla doludur. Bədii-siyasi, tarixi-ictimai, texniki-tibbi kitablarla zəngindir. 2-ci mərtəbə oxu zalı üçün nəzərdə tutulub. Geniş, işıqlı kitabxana oxucular üçün hər şəraitlə təmin edilib. Belə mədəni xidmət Hövsanda heç zaman olmayıb. Şükür, bunu da gördüm. Arzum ürəyimdə qalmadı”. Ancaq sən demə, müəllif bunu… yuxusunda görürmüş. Osman bəyin 10 mindən çox kitablı şəxsi kitabxanası var. Dövlət orqanlarına saysız məktubları da elə bu məqsədlə yazır ki, Hövsanda “Oxu evi”, nəsə bir ictimai kitabxana açılsın, o da kitablarını təmənnasız həmin yerə versin. Xalq da gəlib oxusun, savadlansın, gələn dəfə ulduzların işığından manqal qalamağı, Ay nurundan samovar yandırmağı və sairə bu kimi elmi şeyləri icad etsin.

Lakin hələlik bunu yuxusunda görür. Əlaqədar orqanların cavabları adətən bu cür olurmuş: “Müraciətinizə baxdıq, filankəsə göndərdik. Filankəs müəllim Behmənkəs müəllimə göndərmişdir. Behmənkəs müəllimin yanında məktubunuzla əlaqədar müşavirədə Sehlənkəs müəllim, Şehlənkəs xanım, İlankəs bəy və Zehlənkəs cənabları çıxış etmişdir. Belə qərara gəlinib ki, qəsəbədə müvafiq kitabxananın inşasının zəruri olduğu müəyyən edilərsə növbəti illərdə bunu dövlət investisiya qoyuluşu proqramının layihəsi hazırlanarkən baxılacaqdır”. Sitatın sonu. Yaz gələcək, yonca bitəcək – qısa yazsaq.

Ən ləzzətli cavablardan biri isə Mədəniyyət Nazirliyindən gəlibdir, deyir Axundov adına kitabxanaya tapşırmışıq, gəlib sizin kitabları maşına yığıb aparacaqlar. Osman bəy isə buna razı deyil, deyir mən kitabxananın məhz Hövsanda açılmasını istəyirəm.

Halbuki hövsanlılar oxumaq istəsə Çinə qədər getməyə borcludur.

P.S. Ümid edək bu yazıdan sonra Siçan-Pişik Nazirliyi Osman bəyin şəxsi kitabxanasını həll eləmək üçün ora bir-iki gəmirici buraxılmasını təmin edər, bizim də canımız dincələr. Rəhmətliyin oğlu, get kababxana  açmağı istə də…

Zamin Hacı