Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 391,26 dollar dəyərində 182 864,17 ton buğda idxal edilib. Ötən ilin 1-ci rübü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6 faiz artıb, həcmi isə 2,7 faiz azalıb. ​ Ölkəyə idxal edilən taxılın həcmi azalıb, dəyəri isə artıb. Hər il məmləkətə un və çörək istehsalı üçün xaricdən 1 mln. 150 min ton taxıl alınmasına ehtiyac var. Dünyada taxılın qiyməti son aylarda 30 faiz artıb, Rusiya öz taxılını ixrac etməyə məhdudiyyətlər qoyub, Azərbaycan isə buğda təlabatının 80 faizinə yaxınını Rusiyadan tədarük edirdi. İndi Qazaxstan və Hindistanla danışıqlar gedir, çox güman razılaşmalar olacaq, ölkədə taxıl qıtlığı gözlənilmir, amma qiymət kəskin artacaq – yaxın həftələrdə un, un məmulatları və çörəyin qiyməti 30-35 faiz civarında arta bilər.
Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli​ deyib.
Ekspert bildirib ki, indiki durumdan 3 çıxış yolu var, biri orta-uzun vadəli, digər ikisi isə qısa, qısa-orta zamanda həll olunmalı məsələlərdir.
Orta-uzun zamanda, təbii ki, özümüz keyfiyyətli buğda istehsalını artırmalıyıq, bu gün ölkədə istehsal olunan buğdanın cəmi 25 faizi keyfiyyətli un istehsalına və çörək bişirməyə yararlıdır, yerdə qalan təlabatın 75 faizi xaricdən alınan buğda ilə ödənilir. İnsan övladı 11 min ildir ki, qədim Mesopatamiyadan başlayaraq buğda əkib-becərməyə başladı, primitiv də olsa selekseya işləri apardı, suvarmanı təkmilləşdirdi – amma Azərbaycan hələ də özünü keyfiyyətli buğda ilə təmin edə bilmir, çünki işə elmi yanaşma yoxdur, toxumçuluq zəifdir, suvarma və gübrə problemi var.
Qısa zamanlı çıxış yolu un və çörək istehsalçılarına ciddi dövlət dəstəyinin, düşünülmüş dotasiya siyasətinin aparılmasıdır. Bu sahə vergilərdən azad edilib, bu yaxşıdır, amma un-çörək istehsalçılarına dotasiyalar ayrılmalıdır. Qısa-orta zamanlı həll yolu daha fəlsəfi və qəlizdir, amma çox vacibdir:
Qiymət artımının öz problem deyil, problem ölkə vətəndaşlarının gəlirlərinin az olmasıdır. Gəlirlər qiymətlərdən daha sürətlə artmalıdır ki, inflyasiya sosial problemə, kasıblığa səbəb olmasın. Bunun üçün isə hökumətin biznesə, özəl təşəbbüslərə münasibəti kökündən dəyişməlidir. Prezidentin özü çıxışlarında tez-tez “natəmiz iş adamları, işbazlar, möhtəkirlər”, kimi sözlər işlədirsə, deməli ölkədə iş adamlarına, özəl təşəbbüslərə şübhəli və ögey münasibət var. Nə qədər ki, ölkədə özəl sektorda çalışanlara, kiçik-orta sahibkarlara hörmət məmurlardan daha yüksək olmasa, gəlirlərdə artım olmayacaq. Gəlirlər artmasa qiymət artımına reaksiya daha kəskin olacaq, sosial gərginlik üçün zəmin artacaq”.