Kolinda Qrabar-Kitaroviç. Futbol üzrə Dünya Çempionatı az qala bu qadınla yadda qaldı. Xorvatiyanın prezidenti. Səbəb də nə olsa yaxşıdır? Kolinda bacı açıq-saçıq şəkilləri ilə məşhurdur.

Bizim kişilər də futbolu bir kənara buraxıb, Kolinda xanımın əndamı ilə məşğul olmağa başladılar. Elə bil illərdir qadın üzü, üzr istəyirəm, ayağı görməyiblər.

Xorvatiyanın oyunlarında iştirak edən və komandaya azarkeşlik edən xanım prezidentin bu cür rahatlığı bizim insanlarda qəribə hislər oyatdı. Onlar bu qadının çox ciddi olmasını istəyirdilər. İstəyirdilər ki, ümumiyyətlə, gözə görünməsin: “Kolinda, canım, bir qırağa dur, televizorun qabağını tutma, qoy futbolumuza baxaq”. Amma Kolinda bacı heç kimə məhəl qoymadan öz təbiiliyi ilə qarşımıza çıxdı.

Yazıq Xorvatiya. İndi qələbə qazansaydılar, kişilərimiz Kolindanın göz yaşlarını görməyəcəkdi. Luka Modriçi qucaqlayıb göz yaşlarına boğulan xanım prezident mənim içimi titrətdi. Bəlkə bu göz yaşları Xorvatiyanın keçmişi üçün axıdılırdı? Kim bilir? Ola bilsin, Kolinda Modriçin uşaqlığını xatırlayıb kövrəlmişdi. Babası düz gözünün qabağında güllələnən balaca Luka. Sığınacaqda yaşadığı ağır illər. Hər şeyini itirmiş ailə və gecələri topunu qucaqlayıb yatan Modriç. Kolinda tək əndamını deyil, həssas qəlbli insan olduğunu da bizə göstərdi.

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar

Biz hər şeyə bu cür radikalcasına yanaşırıq. Görməmişcəsinə… Şortik geyinən qızın üstünə qışqırırıq, açıq-saçıq fotolarını paylaşan xanım prezidenti görəndə ağzımızın suyunu axıdırıq. Bizə görə hamı örtülü geyinməlidir. Hətta müğənni də soyunanda əxlaq keşikçiləri qapının ağzını kəsdirir. Qardaş, nolub? Narahat olma e, əxlaq yerindədir, durub orda, heç kimin ona qarışacağı yoxdur.

Həm də niyə qəribə gəlir bizim kişilərə? Axı bu prezidentdir, ölkə rəhbəridir. Utanıb ölmür ki, açıq-saçıq geyimini nümayiş etdirir? Biz yazıq deyilikmi onun şümal bədənini görüb udquna-udquna qalaq?

Hələ xanım prezidentin yoldaşının da şəkli yayılmışdı sosial mediada. Yenə bizim kişilər aktiv idilər. Ağızlarına gələni yazırdılar. Tanımadıqları kişinin ünvanına nələr söylədilər, nələr. Hamısı bilirsiniz, nəyə görədir? Əlçatmazlıqdan. Bu cür kişilər bir qadına əli çatmayanda onu murdar hesab eləyir. Murdar sözünü fahişə sözü ilə də əvəz edə bilərsiniz.

Sadəcə ürək bulandırırlar. Kişilərimizi belə görəndə öz cinsimə görə utanıram. Bir dəfə sosial şəbəkədə xarici bir turistin etirafları paylaşılmışdı. Məlum olmuşdu ki, bu gözəl xanımımıza Bakının hər küçəsində sataşırlar. Yazıq bezmişdi əllərindən.

Bizim kişilər düşünür ki, xaricidirsə, deməli bu pozğundur, onu tez-bazar ələ keçirmək lazımdır. Ümumiyyətlə, qadına sahib çıxmaq, onu özünə kölə etmək azərbaycanlı kişinin ən böyük arzusudur. Məsələn, onlar Kolindanın açıq-saçıq şəkillərinə baxıb deyirlər ki, bu mənim olsaydı, qoymazdım belə geyinməyə, gedib məsciddə tövbə etdirərdim, başına üç tas su tökərdim, sonra da müsəlman eləyərdim. İnanın, bu arzularla yaşayırlar.

Harda açıq-saçıq geyinmiş qadın görürlər, özlərini itirirlər, ağzılarının suyu axır. Üstəlik, o qadını “xilas etmək” istəyirlər. Acınacaqlı vəziyyətdir.

Kolinda xanımın şəkillərinə baxıb köks ötürən, ağzına gələni yazan kişilərimizi görəndə ürəyim bulandı. Həqiqətən. Sən demə, biz hələ də meşədə yaşayırmışıq. Heç nə demirəm daha. Nöqtə, nöqtə və nöqtə…

Ayxan Ayvaz

Kulis.az