Tanınmış politoloq XİN-i və nazir Ceyhun Bayramovu sərt tənqid etdi

“Azərbaycan Xarici İşlər Nazirliyi Prezidentin sürəti ilə ayaqlaşa bilmir. Müharibə günlərində olduğu kimi Ermənistanla informasiya müharibəsinin yükü yenə prezidentin üzərindədir”. Bu barədə politoloq Elxan Şahinoğlu musavat.com-a açıqlamasında bildirib.

E.Şahinoğlu qeyd edib ki, dövlət başçısı Azərbaycana gələn jurnalistləri qəbul edib 4 saat onların suallarına cavab verdi. Prezidentin cavabları bugünə qədər xarici ölkələrdə yayınlanır, Ermənistanın özündə də müzakirə edilir. Əslində bu prosesdə xarici işlər naziri Ceyhun Bayramov da fəal iştirak etməlidir.

Politoloq deyib ki, nazirin vəzifəsi yalnız səfirləri qəbul edib xarici ölkələrə səfər etmək deyil: “Xarici işlər naziri tez-tez açıqlamalar verib aktual məsələlərə aydınlıq gətirməli dostlara və düşmənlərə gərəkli mesaj göndərməlidir. Ancaq açığı deyim ki, nazir Ceyhun Baryamovun elə bir açıqlaması yadımda qalmayıb ki, o gündəm yaratsın. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu az qala hər gün açıqlama və müsahibə verir. Bu belə də olmalıdır. Ermənistanın xarici işlər naziri hər gün ağzına gələni danışır, təxribat xarakterlı açıqlamalr verir, biz də bunu müzakirə etmək məcburiyətindəyik. Bunun qarşısının alınmasının yolu Ceyhun Bayramovun verəcəyi açıqlamalardır. Bizim də nazirin verdiyi açıqlamalar Ermənistanda müzakirə edilməlidir. Bütün məsələləri mətbuat katibinə yükləmək düzgün deyil. Keçmiş nazir Elmar Məmmədyarov da belə “çalışırdı”.

Fransanın keçmiş xarici işlər naziri Kuşner İrəvanda oldu, oradan qanunsuz olaraq Xankəndinə keçdi. Əlbəttə, buna görə biz rusiyalı hərbçiləri tənqid edə bilərik. Ancaq elə etmək olmadızdımı ki, Azərbaycan XİN qabaqlayıcı addm atardı və Kuşnerin Xankəndinə qanunsuz gəlişinə mane olardı və ya elə edərdi ki, Fransanın xarici işlər naziri Bakıya da gəlib həqiqətləri dinləyərdi”.

Politoloq onu da deyib ki, Azərbaycan Prezidenti Ceyhun Bayramovu nazir təyin edərkən onun qarşısında mühüm vəzifələr qoymuşdu. Birincisi, XİN-də struktur dəyişikliləri həyata keçirilməli, səfirliklər fəaliyyətlərini gücləndirməli idi. Bu istiqamətdə də aparılan işləri yetərli saymaq çətindir.