Sağ olsun, məmləkətimizin gündəmi absurd hekayələrdən heç xali deyil. Hər gün kimsə çıxıb, bizim gözlərimizi hədəqəsindən, yuvasından çıxarmağı bacarır, buna nail olur. Bu gün də klinikalardan birinin cərrah-floboloqunun reklamına hesablanan bir çəkiliş ölkəni şoka salıb. Demək, “balıq ətli”  bir qadın çıxıb pasientin müayinə masası üstünə(!),  paltarının ətəyini qaldırıb yuxarı və açıq-saçıq mənzərə yaradaraq həkimi reklam edib. Öncə nazlana-nazlana özü danışıb, sonra da tamadalar demiş, sözü verib səbəbkara. Səbəbkar-həkim danışan dəqiqələrdə də pasient paltarının ətəyini qaldırıb. Belə çox dəxilsiz, səbəbsiz, gəlmiş-keçmiş reklamçılıq ənənəsinə tüpürərək. Yəni, reklam desən reklam deyil, rolik desən rolik deyil. Yaxud da həkimdən daha çox özünün reklamıdır deyib, mövzunu qapada bilərik.

Amma məsələnin ən faciəvi tərəfi nədir, bilirsizmi? Həkimdən soruşublar ki, bu nədir, atam-atam? Qayıdasan ki, “mən nə bilim nədir, müayinə zamanı kim istəsə video çəkə bilər. Xanımı tanımıram, hər gəlib dopler müayinəsi keçənlərdən (Həkim də aşağı ətrafların dopler müayinəsini edir-müəl) də anket doldurmuram”. Ölkənə şükür, ya rəbb. Həkiminə, onun yalanına quzu kəssinlər, pasientinə də Allah şəfa versin, hər tərəfli.

Əslində mövzumuz niyə reklam anlayışının yerlə-bir olması deyil. Azərbaycanda nə qaydasındadır ki, bu da qaydasında olsun? Sadəcə həkim reklamında belə qadın bədənini soyundurmağa ehtiyac duyan zehniyyət təhlükəlidi. Doğru, dünyada hətta istirahət mərkəzlərinin reklamını edəndə belə bikini geyinmiş qızlardan istifadə edilir. Amma bu, normaldı, çünki istirahət çimərlik, bikinili qızlarla assosasiya olunur həm də. Qadın faktoru əksər reklamlar üçün təsiredici gücə malikdir: şokaladdan tutmuş, yeni tikilən binaya qədər. Amma həkim kabinetində pasientin müayinə masasının üstünə çıxan qadın… bu gözlər bu günə qədər beləsini görməmişdi.

Hərçənd məsələyə bir az müxalifətçi kimi yanaşanda deyə bilərik ki, əslində pasient ezop dili ilə danışıb, biz anlamamışıq. Bu ölkədə xəstə məhz masanın üstünə çıxmalıdır, orda uzanmalı deyil. Çünki həkimi özbaşına qoysan, xəstənin qarnında neştər də unudar, tənzif də. O gün bir yazı hazırlayırdım, həkimlərin əməliyyat zamanı xəstələrin qarnında nələr unutduqlarının siyahısı ortaya çıxmışdı: eynəkdən tutmuş, linzaya qədər… Üstəlik, xəstənin qanını içməyə – oxu, pulunu son qəpiyinə qədər sümürməyə – and içmiş həkimin masasının üstünə də çıxarlar, orda lap belə salto da vurarlar.

Bir neçə ay bundan öncə dərsdə rəqs edib, əylənib, kişi müəllimə şapalaq vuran şagirdlərlə bağlı video yayılmışdı. Videodan sonra müəllimin utancından istefa verdiyi məlum olmuşdu. Onda da dedik ki, əslində təhsil adına şagirdə bir zərrə xeyri olmayan, ona dərsində əylənmək üçün hər cür şərait yaradan müəllim elə o cür kötəyə də layiqdir. İlahi ədalət kimi, anlayırsızmı? İşlər o qədər absurda çatıb ki, artıq cəzanı zərərçəkənlər verir. Pasient həkimi publik şəkildə biabır edir, şagird onu kor edən müəllimini nümayişkaranə rəzalətə sürükləyir. Hərə öz ədalətini özü yaradıb, tərəzisini qoyub, doğrunu-yanlışı çak-çuk edir.

Tərəzi demiş, fikir verin, şəhərin bərkgedən kafelərində, restoranlarında işbazlar hesaba bəxşişin məbləğini özləri yazırlar: 1.50-2 manat. Yəni, ay müştəri, birdən elə bilərsən, bir çaynik çayla bir qab mürəbbəyə 16 manat verdin deyə canın qurtardı? Yox, elə deyil, əlavə 2 manat da ofisiantın mətbəxdən masaya nazlana-nazlana gəlməsinin hesabıdır. Heç kimin mərhəmətinə, jestinə, səxavətinə etibar qalmayıb artıq. Hər kəs haqqını sökə-sökə alır.

Hər həftə sonu küləyin şəhəri başına götürməsi də ondandı bəlkə. Yay girəndən hər həftə sonu eyni təranədir: şənbə-bazar bir külək qopur, gəl görəsən. Çimərlik sahibləri qan ağlayır, dənizə girə bilməyən sakinlər də həmçinin. Amma baxırsan ki, təbiət ana çimərlik sahibinə də mesaj verir, sakinə də. Sonuncuya deyir, ay yazıq, zülmlə qazandığın 10 manatın 9-nu gərək şezlonqa verəsən? Maliyyə dəyəri 1 manat belə olmayan çayı dəstgah (ofisiantlar çox vaxt ona dəzgah da deyirlər-müəl.) adı ilə 20-25 manata alasan? Sahibkara da mesaj verir ki, gəl, yol yaxınkən bağla bu məkanı. Nə sən qan-qarğışla pul qazan, nə də camaatı istismar elə.

Belə baxanda ədalətin öz-özünə təmin olunduğu, heç bir suçun cəzasız qalmadığı bir ölkədə yaşayırıq, bəxtəvər başımıza. Biz cəza kəsə bilməyəndə, məhkəmələr suçluya göz yumanda nadanın birisi gəlib bunu edir. Ya da təbiət dövrəyə girir, yer-göy inildəyir. Beləcə, ilahi ədalət təmin edilir. Bir də həkimi masanın üstünə çıxıb, reklam edən xalanın səhhəti düzəlsəydi, ədalət qələbəmiz tam olardı.

Sevinc TELMANQIZI