Sabunçu rayonunda velosipedçini vurub öldürən avtobusun hansı marşrut xəttinə aid olduğu açıqlanıb.

“Minval.info” DİN-ə istinadən xəbər verir ki, dekabr ayının 20-də saat 13 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini paytaxt sakini 1973-cü il təvəllüdlü Roman Nəsibov velosipedlə hərəkət edən zaman naməlum avtomobil tərəfindən vurulub. Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Sürücü isə piyadaya heç bir yardım göstərməyərək hadisə yerindən yayınıb.  Hadisəni törətməkdə şübhəli bilinən 131 saylı marşrut xətti ilə hərəkət edən “Daewo” markalı avtobusun sürücüsü Xanağa Novruzov saxlanılaraq istintaqa təqdim edilib. X. Novruzov istintaqa ifadəsində bildirib ki, hadisə “Koroğlu” metrosundan Maştağa istiqamətində gələrkən qeydə alınıb:

“Qabağımda heç nə yox idi. Bir də gördüm, səs gəldi. Güzgüdən baxdım, gördüm ki, təkər keçdi velosipedin üstündən. Birinci dəfə idi başıma belə iş gəldiyindən həyəcanlandım. Bilmədim nə edim, çıxdım gəldim evə…”

Qeyd edək ki, avtobusun velosipedçini vurması anı müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.