Noyabrın 25-də “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq
ediləcək

Noyabr ayının 25-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası
turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Qarşılaşmanın gec
saatlarda başlaması ilə əlaqədar “Qarabağ” klubunun rəhbərliyi “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Klubun müraciəti və oyuna marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına
Respublika stadionunda qarşılaşmanı canlı izləyənlərin daşınması məqsədilə
metropolitenin iş rejimində müvafiq dəyişik edib. Bununla əlaqədar olaraq, oyunun
keçirələcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, habelə “Nəriman Nərimanov” və
“28 May” stansiyaları noyabr ayının 25-dən 26-na keçən gecə saat 01:00-a qədər
sərnişinlərin girişinə açıq olacaq.

Sərnişinlər mənzil başına çatdırılana qədər xətlərdə
qatarların hərəkəti təmin ediləcək.

Futbol oyununun başlanma vaxtı ərəfəsində “Gənclik” stansiyasında gücləndirilmiş
iş rejimi tətbiq ediləcək. Stansiyanın yerləşdiyi ərazidə keçirilən kütləvi tədbirlərlə
əlaqədar əməliyyat planına uyğun olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması
məqsədilə müvafiq işlər görüləcək.

Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da ehtiyat tədbirləri
görüləcək.

Konfrans liqasının qrup mərhələsində uğur qazanaraq, Azərbaycan futbolu
tarixində ilk dəfə UEFA miqyaslı yüksək reytinqli klub turnirinin pley-off mərhələsinə
vəsiqə qazanmış “Qarabağ” futbol klubuna parlaq qələbələrlə yeni-yeni mərhələlər və
nailiyyətlər arzulayırıq.