25.08.2026 - 09:06
Maqazin 24 baxış

Türk dünyası üçün ortaq əlifba müjdəsi!

Özbəkistanda Azərbaycan və özbək rəsmilərinin öz dillərində danışaraq bir-birini anlaması ortaq türkcə məsələsini yenidən gündəmə gətirib. Uzun müddətdir türk respublikaları arasında ortaq ünsiyyət dilinin yaradılması müzakirə olunur.

Minval.info xəbər verir ki, türkoloq Əkbər Qoşalı ortaq türk dili ilə ortaq türkcə – ortaq ünsiyyət dilinin eyni hadisə olmadığını bildirib. O, türk millətlərinin öz milli ədəbi və ya dövlət dilindən əl çəkib süni şəkildə yeni bir “vahid dil” yaratmasının tərəfdarı olmadığını vurğulayıb. Qoşalı, Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, özbək, qazax, qırğız, türkmən və digər türkcələrin ortaq mədəniyyət ağacının canlı, yaşıl budaqları olduğunu qeyd edib.

Ekspertin sözlərinə görə, Ortaq Türk Əlifbasının önəmi böyükdür. Artıq 34 hərfdən ibarət ortaq əlifba modeli üzərində razılıq əldə olunub və onun praktik tətbiqi yönündə işlər davam edir. Ortaq əlifbanı ortaq dilin özündən irəli, ortaq oxunun açarı saymaq doğrudur. Bir-birimizin yazdığını rahat oxumağa başladıqda, bir-birimizin danışığını anlamağımız da sürətlənəcək.

Əkbər Qoşalı bildirib ki, ortaq türkcə zəngin türk dillərindən hansınınsa o birilərinə üstün gəlməsi demək olmamalıdır. O, ortaq türkcəni yalnız dilçilərin yaratmayacağını, həyat, əməli çalışma və məqsədyönlü gedişatın özü yaradacağını vurğulayıb. Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, universitetlər, media və ədəbiyyat sahəsində artan insani təmaslar həmin məsafələri yenidən qısaldır. Ortaq Türk Əlifbası üzrə görülən işlərin məqsədlərindən biri də qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirməkdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: