Bu gün Bakının “20 Yanvar” dairəsində nəqliyyatın hərəkətində böyük bir sıxlıq, tıxac müşahidə olunur. Çoxlarına elə gəlir ki, səbəb karantinin yumşalması və şəhərdə həyatın yenidən qaynama başlamasıdır. 

Amma belə deyil. Sadəcə, bu dairədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən əsaslı təmir işləri həyata keçirilir deyə müvəqqəti narahatlıq yaranıb.

Bu mənzərəyə Musavat.com üçün reportaj hazırlayarkən şahid olduq. AAYDA tərəfindən həyata keçirilən təmirlə əlaqədar “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospektinə gedən yolda hərəkət iki günlük məhdudlaşdırılıb. Yəni, bu tərəfə keçməyin!

Di gəl, müvəqqəti çətinliyə və tıxaca səbr etmək olar, çünki axırı yaxşı olacaq. Onsuz da həftəsonudur və paytaxtın ən gur nöqtələrindən biri olan “20 Yanvar” dairəsində işlərin yekunlaşdırılması üçün fürsətdir.

Üstəlik, nəzərə alaq ki, mayın 18-dən SMS-lə icazə alıb küçəyə çıxmaq ləğv olunur və şəhər bazar ertəsindən əvvəlki həyatına qayıdacaq, o halda görülən işlərə görə yaranmış mənzərəni anlamaq olar.

Hazırda Müzəffər Həsənov küçəsi artıq asfaltlanıb. Söhbət “Azərsu” ASC-nin qarşısından Şərifzadəyə qalxan yoldan gedir. Bu küçə həmişə tıxac olurdu. Bundan sonra necə olacağını proqnoz vermək çətindir, amma yeni zolaqlar, avtobus və taksi dayanacaqları üçün xətlər çəkilib.

Eyni zamanda Moskva prospektindən (“Şamaxinka”dan – E.S) M.Həsənova doğru döngə xeyli dərəcədə genişləndirilib.
Bu məqsədlə metronun “Azərsu” ASC tərəfə olan keçidinin yeri də bir qədər dəyişdirilib və “Şamaxinka”dan gələnlər üçün sağa dönüb M.Həsənov küçəsinə qalxmaq asanlaşdırılıb. Çünki dəhşətli bir tıxac yaranırdı.

Amma təmir işləri hələ başa çatmayıb, hələlik Sumqayıt istiqamətindən gələnlər M.Həsənov küçəsinə dönə bilmirlər.
Odur k, yalnız Zərdabi küçəsinə və Tbilisi prospektinə doğru hərəkət edə bilirlər. Çünki M.Həsənova dönən yol və Z.Bünyadov prospektləri bağlanıb.

Eyni zamanda “Şamaxinka”dan gələn maşınlar Alatavanın içi ilə Yeni Yasamala çıxa və Şərifzadə küçəsinə dönə bilirlər.
Yeri gəlmişkən, Alatavadan “20 Yanvar” dairəsinə gedən yol, yəni M.Həsənovun yuxarı başı da təmirə bağlıdır və işıqfordan kiçik bir cığır qoyulub ki, Şərifzadəyə dönə bilsinlər.

Hazırda təmir işləri həm də Zərdabi küçəsinə doğru istiqamətdə davam etdirilir, habelə, “20 Yanvar” dairəsinin oval şəklində olması üçün tamamlama işləri görülür.

Bir sözlə, “20 Yanvar” tam dəyişir. Ona görə 16 və 17 may tarixlərində məcburiyyət olmadığı halda bu istiqamətə gəlməməyiniz məsləhətdir…