İnformasiya məkanında yayılan məlumatlara görə, İsrail və İran arasında münasibətlər yenidən kəskinləşib. Artıq İsrail rəsmilərinin İranı vura biləcəklərinə dair açıqlamaları, İran rəsmilərinin də bunlara cavabları siyasi xəbərlərlə maraqlanan hər kəsə bəllidir.

Bu qarşılıqlı hərbə-zorbalara ABŞ prezidenti də öz ‘’töhfəsini’’ verib və İsraili dəstəkləyib.

Buna səbəb nədir? Dünyanın xəbər məkanında yenicə ABŞ-İran yaxınlaşması barədə görüntülü məlumatlar yayılmaqda idi. Həmin məlumatlarda iddia olunur ki, ABŞ İranla o həddə yaxınlaşıb ki, Rusiya neftinin əvəzinə bazara İran neftini çıxartmağa, İranın üzərindən sanksiyaları qaldırmağa 1 addım qalıb.

İndi isə təhlilçilər İranın bombalana biləcəyindən və İsrail-İran müharibəsinin başlaya biləcəyindən danışırlar.

Bu cür təhlilçilərdən biri də REAL Partiyasının rəhbərlərindən olan Natiq Cəfərlidir. O, TV Musavatın efirində deyib ki, Azərbaycanın quru sərhədlərinin bağlanması daha qlobal təhdidlərlə –  İsrail-İran münaqişəsinin müharibəyə çevrilmə ehtimalının yüksək olması ilə bağlıdır. Natiq Cəfərliyə görə, əgər hadisələr bu istiqamətdə cərəyan edərsə, Azərbaycanın yerləşdiyi regionda ciddi və böyük müharibə başlaya bilər. Bu zaman İrandan böyük qaçqın kütləsi Azərbaycana doğru axışa bilər. ‘’Quru sərhədlərimizin israr və inadla bağlı saxlanmasının əsas səbəbi budur’’, – deyə Natiq Cəfərli söyləyib.

Musavat.com-a da bir sıra qaynaqlardan sızan məlumatlara görə, Azərbaycan hazırda İranla sərhədlərimizi daha da möhkəmləndirir və bu işə xüsusi diqqət ayırır.

Bütün bunlara Azərbaycanın təhlilçiləri nə deyirlər? Yaxın qonşumuz İran qarşıdakı aylarda böyük müharibələrin meydanına çevrilə bilərmi? Belə bir ssenaridə Azərbaycanı nələr gözləyir – ölkəmiz milyonlarla iranlı qaçqının axınına məruz qala bilərmi?

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli: “Ümid edək və arzulayaq ki, belə bir müharibə olmayacaq”

Ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi: “Əvvəlcə qeyd edim ki, İsrail-İran münaqişəsinin müharibəyə çevrilməsi ehtimalı qorxulu bir ssenari kimi səslənməsin, bu o demək deyil ki, mütləq bu müharibə baş verəcək. Sadəcə bunu ehtimallardan biri kimi dəyərləndirmək lazımdır. Ümid edək və arzulayaq ki, belə bir şey olmayacaq. Çünki bölgəmizdə növbəti qarşıdurma  böyük bir hərbi toqquşma çox ciddi fəsadlara yol aça bilər.

Məlum olduğu kimi, ötən həftə ABŞ  prezidenti Baydenin İsrailə səfəri zamanı ölkənin baş  naziri vəzifəsini icra edən şəxsin keçirdiyi mətbuat konfransında  bu məsələ bağlı açıq eyhamları oldu. Belə ki, baş nazir deyib ki, İranın nüvəyə malik olmasına İsrailin icazə, verməyəcəyinə, lazım gələrsə, bununla bağlı hər hansı əməliyyatlar keçiriləcəyi ilə bağlı bəyanatları var idi. ABŞ prezidenti isə bu bəyanatlara qarşı kəskin bir reaksiya vermədi və dedi ki “biz çalışacağıq ki, sülh, danışıq yolu ilə bu problemi həll edək”.

Bütün bunlar əlbəttə ki, dünya mediasında tez-tez müzakirə yaradır və  müharibənin olacağı ilə bağlı ehtimallar səslənir və variantlar hesablanır.

Biz ümid edək ki, bu müharibə olmayacaq və olarsa da klassik müharibə olmayacaq. Yəni İsrail öz quru qoşunlarını İrana yeridəsi deyil və  belə bir ehtimal da yoxdur. Ola bilər ki, hava zərbələri endirsin və gərginlik yaradılsın və bu da bölgəmizdə ağır fəsadlar yarada bilər. Yəni belə bir ehtimallar həmişə ən azı diqqətdə saxlanılmalı və bununla bağlı hansısa qabaqlayıcı  addımların atılmasına ehtiyac var”.

 

Qabil Hüseynli: “İran son vaxtlarda bir çox yanlışlıqlara yol verdi, ona görə də… ”

Politoloq Qabil Hüseynli isə mövzuya bu cür şərh bildirdi: “Öncə onu qeyd edim ki, İran son vaxtlarda bir çox yanlışlıqlara yol verdi. Atom enerjisindən istifadə üzrə beynəlxalq təşkilatın nümayəndəsinə təftişə icazə vermədi və bu çox ciddi yanlışlıq kimi qiymətləndirildi. Həmçinin İran Ukrayna müharibəsində Rusiyaya ciddi dəstək verir və ora yüzlərlə dron göndərməsi barədə məlumatlar gəzir. Hətta bunu ingilis xüsusi orqanları birmənalı qaydada irəli sürdülər. Üstəlik də İranın bölgədə Suriya, Hizbullah və digər təşkilatları dəstəkləməsi onun xarici  siyasət xəttində hər hansı düzəlişlər olmadığını göstərir.

Bütün bunları ümumiləşdirərək demək olar ki, İranın  üzərindən sanksiyaların götürülməsi ehtimalı getdikcə zəifləyir və İsrailin İrana zərbələr endirməsi ehtimalı çoxalır. İsrail bu haqda  ABŞ-la birgə addımlar atacaq. Fikrimcə, əgər İsrail bölgədə İrana qarşı silahlı hücum həyata keçirərsə, bu zaman irimiqyaslı müharibədən söhbət gedə bilməz. Söhbət İranın nüvə obyektlərinin  vurulmasından gedir, bu da demək olar ki, əhalinin sıx yaşamadığı və bəzi yerlərdə isə ümumiyyətlə, əhalinin yaşamadığı bölgələrdir. Ona görə də belə bir müharibə təhlükəsi baş verərsə, oradakı əhalinin xüsusən də Azərbaycana böyük qaçqın axınının olması ehtimalı çox zəifdir. Əlbəttə ki, insanlar oradan turist və digər formada gələ bilər. Lakin məlum olduğu kimi, Azərbaycanın sərhədləri bağlıdır.

Sərhədlərin bu  səbəbdən bağlı qalması ehtimalına gəldikdə isə əlbəttə ki, ortada pandemiya təhlükəsi,  həmçinin Azərbaycanın bölgədə antiterror əməliyyatları aparacağı ehtimalı da var. Lakin İsrail-İran müharibəsinin başlayacağı iddiaları ilə bağlı da ehtimalı var”.

Məşhurların övladları: Pənah Hüseynin hüquqşünas oğlu - FOTOLAR

Vaqif Hüseyn: “İsrail-İran müharibəsinin indiki halda başlaması ehtimalı demək olar ki, yoxdur”

Politoloq Vaqif Hüseyn isə qeyd etdi ki, İsrail-İran müharibəsinin indiki halda başlaması ehtimalı demək olar ki, yoxdur:

“Yaxın  perspektivdə İsraillə İranın arasında münaqişənin olacağını ehtimal etmirəm, çünki bunun üçün zəmin hələ yetişməyib. Münaqişənin baş verməsi üçün zəminin yetişməsi lazımdır. Ola bilsin ki, zəmin yetişir, amma hələ o mərhələyə gəlib çıxmayıb. Bu gün Türkiyə ilə İsrail arasında münasibətlərin düzəldiyi, üstəlik, Türkiyənin Tehran konfransında iştirak etdiyi məqamda İsrailin İrana hücum edəcəyini  ehtimal etmirəm. Çünki İsrailin Rusiya ilə münasibətləri ehtiyatla qurmağa çalışan bir dövlətdir. Məlum olduğu kimi, Ukrayna ilə münaqişədə həmçinin xatırlayırsınızsa, Avropada Rusiyaya qarşı sanksiyalar məsələsində  İsrail Rusiyaya qarşı çox ehtiyatlı mövqe tutdu, onunla münasibətləri kəsmədi. Üstəlik, Rusiyanın əlində çox az müttəfiq qalıb, onlardan biri Suriya və İrandır. Belə bir vaxtda İsrailin İrana hücumu bir növ Rusiyaya qarşı meydan oxumaqdır. İsrail hərbi texnika potensialı baxımından çox güclü, qüdrətli dövlət olsa da, İran da  çoxmilyonlu, böyük əraziyə malik dövlətdir. Müharibədə də bəzən bu faktorlar mühüm rol oynaya bilir. Beləliklə, İsrailin yaxın vaxtlarda  İrana  hücum etməsini ehtimal etmək bir qədər çətindir”.