01.09.2026 - 16:27
Lent 17 baxış

Supermarketlərdə işçi çatışmazlığı böhranı dərinləşir

Son dövrlərdə supermarketlərdə işçi çatışmazlığı ilə bağlı problemlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Xüsusilə “Bravo” supermarketlərindən birində yayılan görüntülər bu məsələnin aktuallığını bir daha gündəmə gətirib. İşçi çatışmazlığı müştərilərin uzun növbələrdə gözləməsinə və xidmətin gecikməsinə səbəb olur.

Minval.info xəbər verir ki, supermarketlərdə işçi tapmaq çətinliyinin əsas səbəbləri arasında əməkhaqqının aşağı olması, ağır iş qrafiki və iş şəraiti göstərilir. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu problemlər yalnız əməkhaqqının aşağı olması ilə izah edilə bilməz. Hazırkı vakansiyalarda satıcı-kassir və digər mağaza işlərində maaşlar 400-560 manat arasında dəyişir və 6 günlük iş qrafiki geniş yayılıb.

A.Nəsirli qeyd edir ki, bu məvacib xüsusilə Bakıda yaşayış və nəqliyyat xərcləri fonunda bir çox insan üçün kifayət qədər cəlbedici deyil. Üstəlik, supermarketdə iş fiziki və psixoloji baxımdan intensivdir: uzun müddət ayaqüstə qalmaq, müştərilərlə ünsiyyət, kassa məsuliyyəti və əlavə işlərin görülməsi tələb olunur. Növbəli rejim və həftədə cəmi bir istirahət günü də işin cəlbediciliyini azaldan amillərdəndir.

Ekspert əlavə edir ki, supermarketlər üçün ən sərfəli model “mümkün qədər az işçi” deyil, optimal sayda və motivasiyalı işçi ilə işləməkdir. Əməkhaqqının artırılması, iş qrafikinin daha çevik qurulması və işçilərin fəaliyyətinin avtomatlaşdırılmış sistemlərlə yüngülləşdirilməsi həm işçi çatışmazlığını, həm də müştəri narazılığını azalda bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: