31.08.2026 - 12:20
Maqazin 30 baxış

Süni intellekt iş dünyasında inqilab yaradır!

Süni intellektin iş dünyasına inteqrasiyası ilə bağlı suallar artıq dəyişib. Əvvəllər “Süni intellektdən istifadə etməliyikmi?” sualı aktual idisə, bu gün “Süni intellekt şirkətin hansı hissəsini ilk olaraq dəyişdirəcək?” sualı daha çox diqqət çəkir. 2025-ci ildə McKinsey tərəfindən aparılan sorğuya görə, şirkətlərin 88%-i ən azı bir funksiyada süni intellektdən istifadə edir. Lakin, bu texnologiyanın tam miqyasda tətbiqi hələ də geniş yayılmayıb.

Minval.info xəbər verir ki, süni intellektin tətbiqi ilə ən böyük dəyişikliklər əməliyyat proseslərində baş verir. Məsələn, Lumen Technologies-də satış əməkdaşlarının görüşə hazırlıq müddəti generativ süni intellekt vasitəsilə 4 saatdan 15 dəqiqəyə qədər azalıb. Bu, şirkətə illik təxminən 50 milyon dollar dəyər qazandıra bilər. Burada əsas məqam, insanın sıradan çıxması deyil, əməkdaşların daha yüksək dəyər yaradan fəaliyyətlərə yönəldilməsidir.

Müştəri təcrübəsində də əhəmiyyətli dəyişikliklər gözlənilir. Klarna-nın süni intellekt köməkçisi ilk ayda 2,3 milyon söhbət apararaq müştəri xidmətləri üzrə yazışmaların üçdə ikisini idarə edib. Təkrar müraciətlər 25% azalıb, problemin həlli müddəti isə 11 dəqiqədən 2 dəqiqədən də aşağı səviyyəyə enib.

Üçüncü dəyişiklik məhsul və biznes modelindədir. Walmart-ın süni intellekt əsaslı marşrut optimallaşdırma sistemi 30 milyon lazımsız milin qət edilməsinin və 94 milyon funt CO₂ emissiyasının qarşısını alıb. Şirkət bu aləti kommersiya məhsuluna çevirərək digər şirkətlərə təqdim etməyə başlayıb.

İnsan resurslarında isə “Süni intellekt insanları əvəz edəcəkmi?” sualı gündəmdədir. Microsoft və Accenture kimi şirkətlərdə aparılan araşdırmalar göstərir ki, süni intellekt əsaslı kodlaşdırma köməkçiləri məhsuldarlığı orta hesabla 26% artırıb. Bu nəticələr göstərir ki, daha az təcrübəli əməkdaşları süni intellektlə əvəz etmək qısamüddətli qənaət yaratsa da, şirkətin gələcək ekspert bazasını zəiflədə bilər.

İdarəetmədə də dəyişikliklər qaçılmazdır. Süni intellektin inkişafı ilə baş icraçı direktorlar, hüquq, risk, insan resursları və informasiya təhlükəsizliyi komandalarının eyni masada oturması lazım gələcək. Avropa İttifaqının Süni İntellekt Aktının əsas müddəaları 2 avqust 2026-cı ildən tətbiq olunacaq. Azərbaycan da bu mərhələyə daxil olur və 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası qəbul edilib.

Azərbaycan şirkətləri üçün ilk addım “Sİ şöbəsi yaratmaq” deyil, ən çox vaxt, maliyyə və insan resursu tələb edən prosesləri müəyyənləşdirməkdir. Daha sonra həmin proseslər üçün konkret göstəricilər müəyyən edilməlidir. Çünki tələb olunan dəyəri bəzi hallarda süni intellekt modelindən istifadə etmədən də əldə etmək mümkündür. Gələcəkdə şirkətlər “neçə Sİ alətimiz var?” sualına görə deyil, “Sİ bizə nə qədər əlavə dəyər yaratdı?” sualının cavabına görə fərqlənəcəklər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: