Daxili İşlər naziri və AK Partiya İstanbul Millət vəkili Süleyman Soylu TV100-də qatıldığı canlı yayımda Türkiyədəki qaçqın suriyalılarla bağlı açıqlama verib. Soylu suriyalılar üçün “bizim xalqımız” ifadəsini işlədib.
Minval.info xəbər verir ki, “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu bu gün seçiləcəyi təqdirdə bütün qaçqın və qeyri-qanuni immiqrantları geri göndərəcəyini açıqlayıb. Daxili işlər naziri və AK Partiya İstanbul Millət vəkili Süleyman Soylu bu gün Suriyadan gələnləri “bizim insan” olaraq müdafiə edib.
Nazir deyib ki, “Suriyalı mühacirlərin əksəriyyəti Hələbdən gəlir. Hələb bizim milli sərhədimizdir, bunlar bizim xalqımızdır. Türkiyə Cümhuriyyəti dövlət siyasəti olaraq hər zaman Suriya və İraq türkmənlərinin vətəndaşlaşdırılmasına qarşı çıxıb. Proses o qədər çətin vəziyyətə düşüb ki, biz indi onları vətəndaş edirik. Onlar bizim qardaşlarımızdır”.
Soylu onu da əlavə edib ki, Türkiyənin immiqrasiya siyasəti bütün dünya tərəfindən təqdir edilir.
Süleyman Soylunun bu açıqlaması sosial mediada reaksiyaya səbəb olub. Vətəndaşlar, “Onlar bizim nə xalqımız, nə də qardaşımızdır. Qaçqınları bizə sevdirməyə çalışmayın, hamısı getməlidir” tipli etiraz dolu cümlələr yazıblar.
Paşa
Minval.info