01.09.2026 - 14:01
Lent 19 baxış

Su obyektlərindən istifadəyə yeni qaydalar qüvvədə!

Sentyabrın 1-dən etibarən su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair yeni qaydalar qüvvəyə minib. Bu qaydalar, vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.

Minval.info xəbər verir ki, mövcud qaydalara əsasən, vətəndaşlar ümumi istifadədə olan və hər kəsin istifadəsi üçün açıq su obyektlərindən şəxsi ehtiyaclarını ödəmək məqsədilə sərbəst və ödənişsiz istifadə edə bilərlər. Torpaq sahibləri, mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmadıqda, öz torpaq sahələrinin hüdudlarında quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Bu halda yeraltı suyun çıxarılması xüsusi məqsədlər üçün istifadə növlərinə aid edilmir.

Ailə kəndli təsərrüfatlarına da xüsusi istisna nəzərdə tutulur. “Ailə kəndli təsərrüfatı haqqında” qanuna əsasən, bu təsərrüfatlar sahibkarlıq fəaliyyəti hesab edilmir. Bu səbəbdən, kənd yerlərində şəxsi mülkiyyətdə olan və ya ailə kəndli təsərrüfatına verilmiş pay torpaqlarında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zamanı su obyektlərindən istifadə üçün xüsusi icazə tələb olunmur. Yeni qaydalar ailə kəndli təsərrüfatları üçün əlavə maliyyə və inzibati yük yaratmır.

Tətbiq edilən icazə və ödəniş mexanizminin əsas məqsədi, vətəndaşların gündəlik və şəxsi ehtiyacları üçün sudan istifadəsini məhdudlaşdırmaq deyil, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin tənzimlənməsini, su ehtiyatlarının uçotunun aparılmasını və onlardan səmərəli istifadənin təmin edilməsini gücləndirməkdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: