Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, komitə sədri Səməd Seyidov layihəni təqdim edərkən bildirib ki, bu yaxınlarda dövlət başçımız Əfqanıstanın Azərbaycandakı səfirini qəbul edərkən iki dövlət və iki xalqın yüksək səviyyəli əlaqələrindən bəhs edib. Bu mənada S.Seyidov Azərbaycanın Əfqanıstanda səfirlik açmasını çox vaxtında atılmış addım kimi xarakterizə edib.

Deputat Siyavuş Novruzov isə səfirliyin yaradılması ilə paralel şəkildə iki ölkə parlamentlərinin dostluq qruplarının yaradılmasını da zəruri sayıb. “Mən çox böyük məmnuniyyətlə həmin dostluq qrupuna rəhbərlik edərəm”, deyən S.Novruzov bununla vaxtilə Əfqanıstanda xidmət etdiyinə işarə vurub.
Bundan sonra S.Novruzov radikal müxalifətə qarşı sərt fikirlər söyləyib. “Özü əlində bir dəfə tapança, tüfəng, avtomat tutmayan adam gəlib belə şeylərdən danışır. Guya ki, Türkiyənin burada mövcudluğuna qarşı olanlar var.

Biz müharibə günlərində Türkiyənin nə qədər qardaşlığını, dəstəyini gördük. Elə gün olmadı ki, Türkiyənin prezidenti, XİN rəhbəri, müdafiə naziri Bakıya zəng etməsin. Əgər bundan fərqli hansısa məlumatın varsa, yazılı şəkildə cənab prezidentə, DTX-ya göndər. Osmanqızının kanalında çıxış edib xalqı niyə çaşdırırsan? Həmrəylik günü olsa da, gərək bunları deyək. Çıxış edirlər ki, parlament niyə buna reaksiya vermir? Parlament gecə-gündüz mövqeyini nümayiş etdirib, ictimaiyyət də efirdən izləyir. Bir tezisi ortaya atıblar.

Şərqi Avropadan da rus ordusunu Elçibəy çıxarıb? Ukraynadan da rus ordusunu AXC-Musavat hakimiyyəti çıxartdı? Pribaltika ölkələrindən Elçibəy hakimiyyəti çıxartdı rus ordusunu? Bizim həmkarlarımızın hər biri bu məsələlərə münasibət bildirməlidir. Qondarma Dalıq Qarabağdakı saxta hakimiyyətlə Azərbaycanda Əli Kərimli və Milli Şura bu qələbənin üzərinə kölgə sala bilməz”.