“Taksi sürücüsü düşünür ki, nazir olsa…”

“Sən kimsən, xalq artistinə söz atmağa haqqın var?”

“Sinə dekolteli fotoları özümü bəyəndirmək üçün çəkdirmirəm”

“Öləndə deməsinlər ki, bu ifritə yaxşı ki, getdi”

“Vicdan haqqı” serialında canlandırdığı Larisa obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova minval.info saytının suallarına cavab verib.

– Şou-biznesdə tanınmışların hərəsinin bir adı olur. Sizi də tez-tez bədən quruluşunuza görə Roza Zərgərli ilə müqayisə edirlər. İkisinizi də “seks simvol” adlandırırlar. Aranızda rəqabət varmı?

– Roza mənim yaxın rəfiqəmdir, əsla aramızda rəqabət yoxdur. Yol yoldaşı olmuşuq. Müğənnilikdən əlavə çox gözəl aktrisa və insandır. Bəlkə də sosial şəbəkələrdə fərqli görünür. Biz tərəf müqabili olmuşuq, mən kəndin qlamur falçısını, Roza xanım evdə qalmış qızı canlandırıb. O mükəmməl canlandırdı obrazını. Çox mərd qadındır, onda “dux” var. Bu yaxınlarda onun övladları ilə bağlı müsahibəsinə baxdım, o övladlığa götürdüyü qız haqda danışırdı. O qızın Rozanı atıb getməsi məni kövrəltdi, ağladım. Roza gözəl insandır, qapalı insandır, ürəyindəki göz yaşlarını demir. Bir ana kimi onu başa düşürəm. Roza çalışqan xanımdır.

– Adətən cəlbedici qadınlar bir-birini sevmir. Sizcə, şou—biznesin ən cəlbedici qadını kimdir?

– Bütün qadınlar gözəldir. Koko Şanelin bir sözü var:  Qadın 25 yaşına kimi gözəl deyilsə, bu genetikadır. 25 yaşında gözəl deyilsə, ağılsızdır. Cazibədarlıq və maqnitik qüvvə karizmadır.  Bu anadangəlmədir. Hər xanımın özünəməxsus cəlbediciliyi var.

– Ayın biri “Maşın” şou başladı. Sizi heç dəvət ediblərmi?

– “Maşın” şounun hər buraxılışına dəvət edirlər, amma getmirəm. Özümü orada görmürəm.

– Roza Zərgərli  qatıldığı zaman bir hökümlü qadın obrazı yaratdı ki, sonra bu obrazı Nazilə Səfərlinin timsalında gördük.

– Heç vaxt çörək kəsdiyim insanla üz-üzə gələ bilmərəm. Mənim başıma tapança da dirəsələr, o adama qarşı gəlmərəm. Mənim ən pis xüsusiyyətim budur. Bacım kimi sevdiyim qadın evimdəki bütün zinət əşyalarını aparıb, amma mən susdum.  Apardığı brilyantların qiyməti 50 min avrodur.

– O zaman deyə bilərik, Çimnaz xanım kənardan göründüyü kimi hökümran qadın deyil?

– Ağıllı qadın heç vaxt hökümran qadın olduğunu bildirməz, işini sakit görər. O mənəm-mənəm deyən qadınlar çox gücsüzdür.

– Sizin dekolteli fotolarınız bəyənildiyi qədər  tənqid də edilir. Bu fotoları gündəmə gəlmək üçün çəkdirirsiniz? Haqqınızda səsləndirilən tənqidlər sizi narahat etmir?


– Başqalarının fikirləri məni narahat etmir. Bu gün tələbat bunadır. Mən gündəmə gəlmək üçün o şəkilləri çəkdirmirəm. Peşəkarcasına işimi görürəm və gördüyüm işdən həzz alıram. Heç kim məni yönləndirə bilməz. Ürəyimcə olmayan verilişlərə getmərəm, ürəyimcə olmayan insanlarla bir masada əyləşmərəm. Yüksək qonorarla məni istəmədiyim obraza çəkdirə bilməzlər. Mən işimdən həzz alıram.

– Özünüzü, işlərinizi bəyəndirməyə çalışdığınız bir varmı?
– Mənim həyatımda hakim özüməm.

– Həyatınızın hakimi olmağınız  eqonuzu qaldırırmı?


– Eqo nəyə deyirsiniz?  Mən adı, soyadı olmayan insanların fikrini niyə ciddi qəbul edim? Onlar həyatımın hakimidirlər? Bəzən tanınmış insanlar da saxta profillə tənqid yazırlar. Nifrət sevginin gizli formasıdır. Sevir, özünü göstərir, amma alınmır. O qədər mənə sevgilərini bildirənlər var ki. Onların hamısına cavab yazmaq mümkün deyil.

– Sosial şəbəkədə tanış olub, evlənənlər çoxdur. Siz sosial şəbəkədən sizə yazan heyranınız ilə ailə qurarsınız?
– O qədər elə toya getmişəm, qız-oğlan facebookda tanış olub.  Mənə gələn mesajlara baxıram. Bəlkə də məni sevən şəxs o mesajların arasındadır. Facebook və instaqramın fərqli auditoriyası var. Mən status yazaraq hamısına təşəkkür edirəm. Hər kəs öz işi ilə məşğul olmalıdır. Taksi sürücüsü, saç ustası düşünür ki, nazir olsa, gözəl işlər görərlər. Amma elə deyil. Hər kəsin bacardığı iş var. Kənardan şərh vermək asandır. Sənətdən başı çıxmayan, populyar olmayan adam xalq artistinə söz atır. Sən kimsən, necə düşünə bilərsən ki, xalq artistinə söz atmağa haqqın var.

– Bəs xalq artistlərinin gənc müğənniləri alçaltmağa haqqı var?

– Mən elə şey görməmişəm.

– Xalq artisti, əməkdar artist adı sizin üçün nə qədər önəmlidir?

– Sabah mənə ad versələr, mən dəyişməyəcəyəm. Dostlarımın da mə\nə olan münasibəti dəyişməyəcək. Dostlarım ancaq sevinər. İnsan insan olmalıdır. Vəzifə, şan-şöhrət gəldi gedərdi. Elə yaşamaq lazımdır ki, öləndə qəbrinə gül gətirsinlər. Deməsinlər ki, bu ifritə yaxşı ki, getdi. Həyatımda insanlara kömək etməyə çalışıram.  Ömrümdə heç kimdən qisas almamışam, qarğış etməmişəm. Gücüm çatsa da, etməmişəm. Xislətimdə yoxdur. Hamının həyatı göz önündədir.

– Futbolla maraqlanırsınız?

– Futbol adrenalindir.  Rəfiqəmlə gedib “Qarabağ”ın oyununa baxırıq. Elə xanımlar var ki, bəyin xoşuna gəlmək üçün futbolla maraqlanırlar.

– Son olaraq isə ilk klipiniz haqqında danışaq. Təqdimatdan sonra reaksiyalar necə oldu?
– 6 il əvvəl ifa etdiyim “Nostalji” mahnısını ekranlaşdırdıq. “Nostalji” mahnısı ilk dəfə 1981-ci ildə İtaliya mənşəli Fransa müğənnisi Dalida tərəfindən ifa olunub. Sözləri Ayaz Həmidova, musiqisi Martin Lauerə məxsus mahnını rejissor Nail Naiboğlu lentə aldı. Biz mahnının sözlərini tərcümə etdik, birə-bir musiqiyə uyğunlaşdırdıq. Bu çətin prosesdir. Ekran işinin çəkilişləri Azərbaycanın cənub bölgəsində baş tutdu. Çəkilişlər çox maraqlı keçdi. Başqa bir mahnıya da klip çəkdirmişəm. Məhərrəmlikdən sonra təqdim olunacaq.

Könül İbrahim

Məhəmməd Türkmən

Minval.İnfo