Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı şəhid generalımız Polad Həşimovun büstünü hazırlayıb. O, hazırladığı büstün fotosunu sosial şəbəkədə paylaşıb. Onun əl işi istər mətbuatda, istərsə də, sosial şəbəkədə maraqla qarşılanıb.

Musavat.com-un əməkdaşı gənc heykəltəraşı yaxından tanımaq üçün onunla həmsöhbət olub.

Təbriz Soltanlı ilə söhbəti təqdim edirik:

– Özünüzü oxuculara necə təqdim edərdiniz?

– Mən Təbriz Soltanlı 1993-cü ildə Beyləqan rayonunda doğulmuşam. Uşaq vaxtlarımdan rəssamlıq dərnəyinə gedib, rəsm çəkmişəm. Daha sonra 2008-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət kollecinin “Heykəltəraşlıq” fakültəsinə daxil olmuşam. 2012-ci ildə kollecdə diplom işimi Mübariz İbrahimova həsr etmişəm. 2017-ci ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsinə daxil olmuşam. Hazırda təhsilimi davam etdirirəm.

– Şəhid general Polad Həşimovun büstünü yaratmısınız. Bu fikrə necə gəldiniz? Öz istəyinizlə hazırlamısınız, yoxsa sifariş idi?

– Büstü öz istəyimlə hazırlamışam. Cəbhədə yaşananları hamı kimi mən də izləyirəm. General Polad Həşimov şəhid olduqdan sonra haqqında mətbuatda, sosial şəbəkələrdə məlumatlar paylaşıldı. Onun əsgərlərə öz övladı kimi yanaşması, səngərdə onlarla bir döyüşməsi məni çox təsirləndirdi. Düşündüm ki, belə bir qəhrəmanımızın büstünü yaratmalıyam. İlk günlər eskizlər çəkdim, sonra büstü hazırladım. Polad Həşimovun büstünü hazırlamağa 4 gün sərf etmişəm.

– Sosial şəbəkədə büstün maraqla qarşılanacağını gözləyirdinizmi?

– Həssas günlər yaşayırıq. Xalqımızın öz qəhrəmanına verdiyi qiymət hamıya bəllidir. İstər mətbuatda, istərsə də, sosial şəbəkələrdə işimə yüksək qiymət verilməsi məni qürurlandırdı. Sevinc və fəxr hissi yaşadım.

– Büstün hansısa məkana qoyulması barədə təklifi gəlibmi sizə?

– Şəhid generalımızın büstünün hansısa əraziyə, məkana qoyulması barədə mənə təklif gəlməyib. Amma dövlətimizdən belə bir təklif gəlsə, sevinərəm və təmənnasız büstü bağışlayaram. Təki nur üzlü şəhidimizin abidəsi əbədi qalsın.

– Başqa hansı məşhurların, qəhrəmanların büstünü,heykəlini hazırlamısınız?

– Mübariz İbrahimov, Polad Həşimovdan başqa Azərbaycanın gözəl sənətkarı Səməndər Rzayevin büstünü işləmişəm. Daha sonra Mikayıl Müşfiqin, Əhməd Cavadın kiçik ölçüdə büstünü hazırlamışam.

Könül İbrahim
Musavat.com