Sevgi xəstəlik deyil, şüurlanma yoludur
Karl Qustav Yunq sevginin tibbi mənada xəstəlik olmadığını, lakin aşiq olarkən insanın iradəsinin zəifləməsi, məntiqi düşüncəsinin dəyişməsi və şüuraltı qüvvələrin təsiri altına düşməsini xəstəliyə bənzər bir vəziyyət kimi izah edirdi.
Minval.info xəbər verir ki, Yunqun sevgi haqqında bir neçə əsas nəzəriyyəsi mövcuddur. Birincisi, proyeksiya nəzəriyyəsidir. İnsan çox vaxt qarşısındakı şəxsin özünü deyil, şüuraltında yaratdığı ideal qadın və ya kişi obrazını sevir. Yunq bu obrazları “anima” və “animus” adlandırırdı.
İkincisi, valideyn obrazlarının təsiridir. Yunqa görə, insanın partnyor seçiminə anası və ya atası ilə bağlı şüurlu və şüursuz bağları ciddi təsir göstərir. Bəzən biz tamamilə fərqli birini seçdiyimizi düşünürük, amma şüuraltımız bizə tanış olan münasibət modelini təkrarlayır.
Üçüncüsü, sevgi və hakimiyyət qarşıdurmasıdır. Yunq deyirdi ki, sevginin hökm sürdüyü yerdə hakimiyyət ehtirası olmur, hakimiyyətin üstün olduğu yerdə isə sevgi çatışmır. Yəni qarşı tərəfi idarə etmək, dəyişdirmək və özünə tabe etmək istəyi sevgi deyil.
Dördüncüsü, yetkin sevgi nəzəriyyəsidir. İlkin ideal obraz dağılandan və insan qarşısındakını olduğu kimi görəndən sonra həqiqi münasibət başlaya bilər. Proyeksiya bitəndə münasibət də bitirsə, deməli, sevilən insan deyil, onun üzərinə köçürülmüş xəyal olub.
Beşincisi, sevgi və fərdiləşmə əlaqəsidir. Yunqa görə, münasibət insanın öz kölgəsini, qorxularını, komplekslərini və gizlətdiyi tərəflərini üzə çıxarır. Sevgi yalnız xoşbəxtlik vermir; insanı özü ilə qarşılaşdırır və psixoloji inkişafına səbəb olur.
Altıncısı, Eros nəzəriyyəsidir. Yunq Erosu yalnız cinsi istək hesab etmirdi. Onun üçün Eros insanları bir-birinə bağlayan, instinktlə ruhu birləşdirən və fərdi iradədən daha güclü olan psixoloji qüvvə idi.
Yeddincisi, dərin sevginin fədakarlıq tələb etməsidir. Yunqa görə, həqiqi sevgi bütün başqa ehtimallardan imtina etməyi, məsuliyyət daşımağı, etibar etməyi və münasibəti asan əyləncə səviyyəsinə endirməməyi tələb edir.
Yəni Yunqa görə sevginin ilk, şüursuz mərhələsi insanı ələ keçirən psixoloji vəziyyətə, hətta müvəqqəti xəstəliyə bənzəyə bilər. Amma sevginin özü xəstəlik deyil. İnsan öz proyeksiyalarını tanıyıb qarşısındakını həqiqi şəxsiyyəti ilə qəbul edə bilirsə, sevgi onun üçün xəstəlik yox, şüurlanma və bütövləşmə yoluna çevrilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kaan Turqut yeni serialda Zeno obrazında
Xalq artisti Şükufə Yusupova ağır qəza keçirdi
Maykl Rayt 70 yaşında dünyasını dəyişdi
Şafak Sezerin son görüntüsü pərəstişkarları narahat etdi
Faiq Ağayevin köməkçisi vəfat etdi
Anasının xatirəsinə yas əvəzinə toy etdi
Xalq artisti Şükufə Yusupova ağır qəzaya düşdü