“Sahibsiz itlərin öldürülməsini dəstəkləyən şəxs isə sabah çətinə düşəndə çəkinmədən sahibsiz insanları da tapdalayar. Onlar üçün canlının statusu, yəni sahibsiz olub-olmaması, sahibinin imkanlı olub-olmaması vacibdir, nəinki canlının insan və ya heyvan olması”.


Küçə itlərinin insanlara hücumundan sonra bu canlılar barədə optimal qərarın verilməsi müzakirəsini aktuallaşdırıb. 

Minval.info xəbər verir ki, əvvəllər küçə itlərini müdafiə edənlər çoxluq təşkil edirdisə, indi vəziyyət dəyişib. Belə ki, neqativ hadisələrdən sonra hamı eyni fikirdə deyil. Bəziləri bu canlıların öldürülməsinin tərəfdarı olsa da, digərləri onların saxlanc yerinə göndərilməsinin və axtalanmasının daha məqsədəuyğun hesab edir.

Mətbuatda bu mövzuda yer alan xəbərlərin arasında tanınmış şəxslərdən birinin “Küçə itlərini müdafiə edənlər anormaldır” fikrini söyləməsi heyvansevərlər tərəfindən tənqid edilib. O cümlədən ictimaiyyət arasında da birmənalı qarşılanmayıb.

Bununla bağlı olaraq iqtisadçı ekspert və ictimai xadim Samir Əliyev məsələylə əlaqədar münasibət bildirib. O, küçə itləri haqda deyilən fikirə görə məyus olduğunu ifadə edib.

“Bu sözlər məni çox sarsıtdı. Nəzərə alandakı bunu adi vətəndaş yox, məhz ictimai fikrin formalaşmasında iştirak edən bir qəzet rəhbəri bildirib, onda cəmiyyətin düşüncəsinin nə qədər aşındığının fərqinə varmalı olursan. Bir məsələ mənim üçün tam aydındır. Heyvanlara aqressiv münasibət göstərən şəxs heç zaman insanlara yaxşı münasibət göstərə bilməz. Sahibsiz itlərin öldürülməsini dəstəkləyən şəxs isə sabah çətinə düşəndə çəkinmədən sahibsiz insanları da tapdalayar. Çünki onlar üçün canlının statusu, yəni sahibsiz olub-olmaması, sahibinin imkanlı olub-olmaması vacibdir, nəinki canlının insan və ya heyvan olması. Bu ölkədə sahibli itin hörməti, sahibsiz insanın hörmətindən çoxdur. Və bu acı reallıqdır. Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsindəki “molodes sobak” ifadəsi havadan gəlməyib” – Samir Əliyev bildirib.

Onun sözlərinə görə, sahibsiz itlər doğrudan da təhlükə mənbəyidir və təcrübədə nəinki uşaqların, hətta böyüklərin qapılması hallarına da rast gəlmişik:

“Bu, çox arzuolunmaz və təhlükəlidir. Qarşısı alınmalıdır. Amma necə? Küçədə uşaqların gözü qarşısında güllələməkləmi? Axı itlərin kütləvi öldürülməsi onu müşahidə edən uşaqlar üçün psixoloji travma yaradır. Ölkədə normal bələdiyyə sistemi olsaydı insanlara qulaq asan qurum da olardı. Bu halda həmin itləri insanların, uşaların gözü qarşısında gülləməkdənsə, onları maşınlara yığıb xüsusi saxlanma məntəqələrinə aparardılar və orada müvafiq tədbirlər görərdilər”.

S.Mirzə / Minval.info