“Xəzərdə, bütün su hövzələrində balıqların qadağan olunmuş sintetik torlarla, elektrik cərəyanları ilə ovlanması cinayətdir. Qadağan olunmuş bu cür alətlərdən istifadə edənlər təbiət düşmənləridir. Çünki balıqları bu cür vəhşicəsinə ovlayanlara ancaq belə ad vermək olar”

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsindən verilən məlumata görə, 2019-cu ilin 9 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 96 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 84 izibati xəta faktı aşkar edilib:

“Cinayət və inzibati xəta törətdiklərinə görə 182 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 45 ədəd qayıq, 241 tor, 9 mühərrik və başqa ov vasitələri, 9 ton 444 kq müxtəlif növ balıq, 4011 ədəd krevet və digər su bioresursları götürülüb. Cinayət hadisələri nəticəsində təbiətə 42 min manat ziyan vurulub, bundan istintaq zamanı 20 min manatı ödənilib. İnzibati xəta faktları törədənlər isə 6780 manat cərimə ediliblər.

Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinin göstərişi ilə polis əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edilərək qeyri-qanuni, kustar üsulla hisə verilmiş balıq məhsulları hazırlayan şəxslər aşkar edilib, barələrində tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinə göndərilib. Eyni zamanda, Xəzər dənizi akvatoriyasında və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində partlayıcı maddələrdən və elektrik gücləndiricilərdən istifadə edərək balıq ovlayan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb”.

Amma məsələ budur ki, bütün görülən tədbirlərə baxmayaraq təbiət düşmənləri gizli yollarla çalışmağa davam edir. Lakin onların qarşısını almaq üçün nazirlik və qurumlar birgə çalışır. Hazırda müxtəlif su hövzələrində icazəsiz torların təmizlənməsi prosesi gedir. Nazirlik bütün təbiətsevərlərdən, ictimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan bu halların qarşısının alınması üçün əməkdaşlıq etməyə çağırır, onlardan brakonyerlərlə mübarizədə dəstək gözləyirlər.

Minval.info xəbər verir ki, bu mövsüm balıqçıların daha çox üz tutduğu yerlərin başında Şəmkir su anbarı gəlir. Əsas çəki balığı ovu üçün buraya ovlanmağa gedən yüzlərlə balıqçının böyük hissəsi geriyə əliboş qayıdır. Çünki su anbarında torların sayı balıqçıdan çoxdur. Gün ərzində balıq tutan həmin şəxslər motorlu qayıqlarla sağa-sola gedir, bəzən bir-biriləri ilə dalaşıb, tor atır, torlara nəzarət edirlər. Balıqların ölçüsü onların üçün fərq etmir, nə tutsalar aparırlar. Çünki deyilənə görə, aylıq 700 manat haqq ödəyirlər. Həmin pulu da çıxarmaq üçün balığın kökünü kəsməyə hazırdırlar.
Bu günlərdə adıçəkilən su anbarında olduq və gözümüzlə baş verənlərə şahidlik etdik. Balıqçıların hamısı eyni sözü deyirdi, “Torları atırlar, balığın kökünü kəsirlər. Hələ üstəlik sintetik torlardan istifadə etdikləri üçün suyun içi bunların zibilləri ilə doludur. Qarmaqlar onlara ilişir, qırılır”.

Eyni vəziyyət Şirvan kanalı adlanan suvarma kanalında da yaşanır. Kanalın dənizə birləşən yerində gözlə görünən, heç kimdən gizlədilməyən torların sayı olduqca çoxdur. Hansı ki, buna qanun ümumiyyətlə icazə vermir. Hadisəni görən həvəskar balıqçılar bu barədə sosial şəbəkədə paylaşım edir, nazirliyə məlumat verirlər. Sırf bunun nəticəsində son zamanlarda brakonyerlərlə mübarizə ikiqat sürətlənib.

Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov saytımıza açıqlamasında bildirib ki, Şəmkir su anbarında cəmisi 7 nəfərə balıq tutmaq üçün kvota verilib: “Onlardan 3-ü hüquqi, 4 nəfər isə fiziki şəxsdir. Su anbarında sənaye üsulu ilə balıq tutanların çox olması insanlarımızı çaşdırmasın. Çünki hüquqi şəxslər muzdlu işçi tutub, onun üçün balıq tutmasına icazə verə bilər. Burada işçilər üçün hər hansı bir limit yoxdur. Əsas məsələ onların kvotanı aşmamasıdır. Biz də buna nəzarət edirik. Bölgələr üzrə əməkdaşlarımız var. Onlar daimi nəzarət edirlər. Bizim nazirliklə yanaşı, Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsi də bu məsələyə nəzarət edir. Biz bir daha hər kəsi brakonyerlərlə mübarizədə aktiv olmağa, bacardıqları dəstəyi göstərməyə çağırırıq”.

Məhəmməd Türkmən

Minval.info