Qəhrəmanlar diyarı olan Tərtər şəhərindəyik. Təmas xəttinə yaxın yerləşən bu şəhər illərdir düşmənin aramsız güllə, mərmisi altında əyilmədən, sınmadan daim bir sipər rolunu oynayıb. 30 il ərzində Tərtərdə boya-başa çatan uşaqlar da məhz erməni vandalizmnin canlı şahidləridir.

Belə bir şəraitdə yaşayan Tərtər camaatı nə vaxtsa bu dəhşətin bitəcəyini, atılan hər bir güllənin haqq-hesabı sorulacağı günü səbrsizliklə gözləyirdi. Və nəhayət həmin gün yetişdi. 2020-ci il sentyabrın 27-sindən başlayan Vətən müharibəsində igid oğullarımız ilk günündən son dəqiqəsinə qədər işğalçıya heç zaman unutmayacağı dərs verdi.

Tərtərə yaxın mövqelərdə illərdir möhkəmlənən ermənilər ordumuzun şücaəti nəticəsində təmizləndi. Ordumuzla döyüşmək gücünün olmadığını görən düşmən dinc sakinlərin yaşadığı Tərtəri hədəfə aldı. Şəhər fasiləsiz bombalandı. Bütün bunlara baxmayaraq, Tərtər sakinləri evlərini, yurdlarını tərk etmədilər, əksinə atəş altında belə mərd oğullarımız könüllü olaraq sıraya düzülüb, orduya yazıldılar, mərdliklə düşmənə layiqli cavab verdilər.

“Yeni Müsavat” Media Qrupu olaraq, qəhrəman Tərtərin 5 şəhid verən kəndinə – Kəngərliyə üz tutduq. Öyrəndik ki, 5 şəhidin 3-ü qohum imiş və elə yan-yana da dəfn olunublar. Şəhid İntiqam Mənsimli ilə Səbuhi Məmmədov bir birilərinə əmioğullardır. Hər ikisi kənddə bir yerdə böyüyüb, boya-başa çatıblar. Hər ikisi də vətənpərvər, qorxmaz və mərd olublar. Məhz elə ona görədir ki, müharibə başlayan andan cəbhəyə döyüşməyə can atıblar.

İntiqam Mənsimli 22 illik ömrünün 6 ilini hərbidə keçirdib. 8-ci sinifdən Cəmşid Naxçivanski adına hərbi liseyə daxil olub. Liseyi bitirdikdən sonra 2015-ci ildə Heydər Əliyev adına hərbi akademiyaya daxil olub. Burada 2 il təhsil aldıqdan sonra Hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabrında isə Vətən müharibəsinə başlayıb və o, Murov, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb, ön cəbhədə vuruşub düşmənə sarsıdıcı zərbələr endirib.

Hətta bir neçə dəfə həyatını təhlükə altında qoyaraq öz yaralı döyüşçünü güllə və mərmi yağışı altından çıxarıb, həyatını xilas edib.

İntiqamın sonuncu döyüşü Talış Kəndi istiqamətində gedən döyüşlərdə olub.

Qeyd edək ki, İntiqam Məsimli göstərdiyi şücaətə görə “Suqovuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medallarıyla təltif edilib.

Elçin Əkbərov,
Anar Əhməd,
Musavat.com