Azərbaycanda artıq bir aydan çoxdur koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində müxtəlif müəssisələrin, ictimai-iaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Lakin qadağalar ərzaq bazalarına, o cümlədən bu məhsulların satıldığı mağazalara şamil edilmir. 

Bununla belə, geyim və digər məhsulların satıldığı bazarlar bağlı olduğundan, bəzi insanlar elə zənn edirlər ki, Bakıda ərzaq bazarlarının fəaliyyəti də dayandırılıb. Sosial şəbəkələrdə marketlərdə ərzaq məhsulların baha olduğundan şikayət edənlər bunun səbəbini bazarların bağlı olması ilə əlaqələndirirlər.

Məlumat üçün bildirək ki, hazırda paytaxtda yalnız ərzaq yarmarkalarının fəaliyyəti müvəqqəti dayandırılıb. Digər bazalarda isə məhsul satışı davam edir. Musavat.com-un əməkdaşı olaraq ərzaqların nisbətən ucuz satıldığı bazarların birində olub vəziyyətlə maraqlandıq.

Müşahidə etdik ki, bazarda məhsul və müştəri sarıdan ciddi problem yaşanmır. Qiymətlər isə marketlərlə müqayisədə bir qədər ucuz idi.

Bazarda daha çox tərəvəzlər satılır. Yəni piştaxtaların çox az bir qismində meyvə gördük. Satıcılar bunu fəsillə əlaqələndirdilər. Bildirdilər ki, yaz mövsümü olduğu üçün meyvə tapmırlar. Lakin meyvələr az olsa da, qiymətləri mağaza ilə müqayisədə aşağı idi. Məsələn, bazarda almanın qiyməti 1 manatdan başlayır, növündən asılı olaraq 3 manata qədər dəyişir. Eləcə də, armud 2 manat 50 qəpik, portağal 2 manat 70 qəpik, nar 2 manat 50 qəpikdir.

Bazarda pomidor, xiyar, kartof, soğan, göyərti sarıdan heç bir problem yaşanmır. Qiymətlərə gəlincə isə xiyarın qiyməti 1 manatdan, kartof və soğanın qiymətləri 60 qəpikdən, pomidor 1 manat 20 qəpikdən, badımcan 1 manat 50 qəpikdən başlayan qiymətlərlə satılır. Bibərin 7-si 1 manata, turpun kiloqramı 1 manat, göyərtinin dəstəsi 10 qəpikdir. Eyni zamanda, düyü və digər bu kimi məhsulların da qıtlığı yaşanmır. Bazarda düyünün qiyməti yenə də 3-5 manatadır. Sarımsağın da qiymətində ötən günlərlə müqayisədə artım yoxdur. Hazırda sarımsağın 3-4 başı 1 manatadır.

Bəs marketlərdə qiymətlər necədir?

Marketlərdə olduğumuz zaman müşahidə etdik ki, vitrinlərdə hər növ meyvəni tapmaq mümkündür. Yəni meyvə sarıdan qıtlıq yaşanmır. Lakin qiymətlər bazarla müqayisədə yüksəkdir. Məsələn, narın kiloqramı 4 manat, almanın ən ucuzu 2 manat 25 qəpik, armud 3 manat 50 qəpikdir. Kartof mağazalarda 90 qəpik, soğan isə 1 manat-1 manat 30 qəpik arasında dəyişən qiymətlərlə satılır.

Mağazada söhbət etdiyimiz alıcılardan nə üçün bazarlara getmədiklərini soruşduq. Bir qisim alıcı bildirdi ki, bazar koronavirusun yayıldığı indiki dövrdə gigiyena baxımdan təmiz deyil. Digər qisim isə hesab edir ki, qiymətlərdə ciddi fərq yoxdur.

Doğrudan da bazarda olduğumuz zaman demək olar, heç bir satıcının ağzında tibbi maska, əllərində qoruyucu əlcək görmədik. Alıcıların isə çox az bir qismi maskasız idi.

Onu da bildirək ki, hazırda Bakının əksər apteklərində tibbi maska tapmaq mümkündür. Spirt və digər dezinfeksiyaedici məhlullar isə artıq marketlərdə də satılır. Yəni bu baxımdan problem aradan qalxıb…