Şahin Cəfərli: “Moskva Lukaşenkonun ona möhtac duruma düşməsində maraqlıdır”

Belarusda avqustun 9-da keçiriləcək seçkilər öncəsi siyasi gərginlik pik həddə çatıb. Hakimiyyətdə olan prezident Aleksandr Lukaşenkonun əsas rəqibləri həbs olunduqdan sonra narazı elektorat Svetlana Tixanovskayanın ətrafında birləşməyə başlayıb. Xanım namizəd bütün ölkə boyu çoxminlik mitinqlər keçirməkdədir.

Ölkə daxilində baş verənləri Rusiyanın əməli kimi qiymətləndirən Lukaşenko isə ötən gün xalqa və Milli Məclisə illik müraciətlə çıxış edib. (Milli Məclis iki palatadan – Nümayəndələr Palatası və Respublika Şurasından ibarət ali qanunverici orqandır.)

Prezident ölkəsini Avrasiyada yeganə sakit yer adlandırıb və Rusiyanın Belarusu itirməkdən qorxduğunu deyib: “Rusiya bizi itirməkdən qorxur, çünki onun həqiqi mənada yaxın müttəfiqləri qalmayıb və Qərb Belarusa maraq göstərməyə başlayıb. Bizim hər kəsə cavabımız məlumdur: Belarus heç kimlə başqasına qarşı dostluq etmir. Biz çoxvektorlu, proqnozlaşdırıla bilən, ardıcıl xarici siyasətin tərəfdarıyıq. Rusiya bizim yaxın müttəfiqimiz olub və olacaq – hakimiyyətdə kim olmasından asılı olmayaraq. Bu, xalqlarımızın ruhunda olan bir məsələdir, baxmayaraq ki, Rusiya bizimlə qardaşlıq münasibətlərini tərəfdaşlıq münasibətləri ilə əvəzləyib. Nahaq!”

Lukaşenkonın rəqibindən Merkelə şok müraciət: “Ona deyin ki…”

Svetlana Tixanovskaya

Bu isti sözlərdən sonra Belarus rəhbəri xəbərdarlığa keçib və bəyan edib ki, Belarusda destabilizasiya baş verərsə, Vladivostoka qədər, hər kəs üçün ağır olacaq. Belarusa qarşı milyardlarla resurs və yeni texnologiyaların işə salındığını vurğulayan dövlət başçısı onu dinləyən (Rusiyada) hər kəsdən xahiş edib ki, vəziyyəti qarışdırmasınlar.

Belarus prezidenti Rusiyanın “Vaqner” özəl hərb şirkətinin bir neçə gün əvvəl Minskdə həbs olunan döyüşçülərinin məqsədyönlü şəkildə ölkəyə göndərildiklərini söyləyib.

Lukaşenko çıxışında avqustun 9-da keçiriləcək prezident seçkilərindən danışaraq xalqı 90-cı illərlə qorxudub: “Sizə 90-cı illər lazımdır? Bunu istəyirsiniz? Ona görə ki, ölkəni sektorlara bölsünlər? Nə qədər ki, mən sağam, bu, olmayacaq! Belarus inqilab və dağıntılar limitini ötən əsrdə doldurub. Mən müqəddəs deyiləm, lakin siz məni tanıyırsınız. Bilirsiniz ki, sizin həyatınız mənim üçün müqəddəsdir. Qalan şeyləri unudun. Sabah naməlum adam gəlib, hansı siyasəti aparacaq? Belaruslar, sizin səhv etməyə haqqınız yoxdur!”

Belarus Cumhurbaşkanı Lukaşenko, koronavirüse yakalandı ...

Müxalifətə üzünü tutan Lukaşenko son həftələrdə məşhurlaşan 3 xanımı (prezidentliyə namizəd Svetlana Tixanovskaya, seçkiyə buraxılmayan namizədlər – Viktor Babarikonun seçki qərargahının rəhbəri Mariya Kolesnikova və Valeri Tsepkalonun həyat yoldaşı Veronika Tsepkalo) “zavallı qızlar” adılandırıb: “Siz nə edirsiz? Üç zavallı qadın tapmısız. Onlar oxuduqlarını başa düşmürlər. Siz onlara nə yazırsınız? Siyasətçiləri, iqtisadçıları, narkoman və cinayətkarları həbsdən buraxıb, azad seçki keçirib, yaşayacağıq. Axı onlar nə dediklərini başa düşmürlər?!”

Politoloq Şahin Cəfərlinin fikrincə, Lukaşenko seçkilərə 5 gün qalmış gərginliyin dərəcəsini yüksəltməyə çalışır: “Rusiyadakı bəzi dairələrin ünvanına ”Vladivostoka qədər yanarsınız” xəbərdarlığı, hərbi təlimlər və hərbi toplanış elan olunması, şübhə yoxdur ki, “Batka”nın siyasi məqsədlərinə xidmət edir. O, ölkədə fövqəladə hadisələrin baş verdiyi və Belarusun təhlükə qarşısında olduğu barədə rəy formalaşdıraraq xalqın gözündə öz dəyərini artırmağa cəhd edir. İnsan psixologiyası elədir ki, bu tip durumlarda təhlükəsizliyin və mövcud sabitliyin qorunması zərurəti radikal siyasi dəyişikliklər arzusunu üstələyir. Ölkə təhlükə qarşısındadırsa, öncə bu təhlükəni dəf etmək lazımdır. Lukaşenko bütün avtoritar liderlərin söykəndiyi fikri (“mən getsəm, ölkə dağılar”) dilə gətirməklə ölkədə sabitliyin yeganə qarantının özü olduğunu şüurlara yeritmək istəyir”.

 

Politoloq Şahin Cəfərli

Belarus xalqı Lukaşenkoya inanacaqmı?  Ş.Cəfərli bu suala birmənalı cavab verməyin çətin olduğunu deyir: “Çünki buna oxşar hallar Belarusda bundan əvvəlki seçkilərdən öncə də baş verib. Sərhəddə soyuq və odlu silahlar tapılıb, kimlərinsə ölkədə qarışıqlıq yaratmaq, çevriliş etmək cəhdlərindən danışılıb, bu barədə teleşoular düzəldilib. Amma ilk dəfədir ki, bu cür məsələdə konkret ölkənin adı çəkilir, özü də Rusiya kimi qardaş və müttəfiq, amma eyni zamanda, dost və qonşu Ukraynada müharibə aparan dövlətin. Bunu hər iki hökumət (Moskva və Minsk) tərəfindən təşkil olunmuş tamaşa adlandırlanlar da var, məsələn, rusiyalı müxalifətçi Aleksey Navalnı belə düşünür. Amma başa düşmək çətindir ki, Rusiya özünün çoxlu sayda vətəndaşının başqa ölkədə terror ittihamı ilə tutulmasına niyə razı olsun? Axı, bu fakt Rusiyanın nüfuzuna, hətta prezident Putinin şəxsi reputasiyasına zərbədir. Postsovet məkanı başda olmaqla, dünyada hər kəs bu hadisələri izləyir və nəticə çıxarır. Rusiyanın başqa ölkələri qarışdırmağa davam etdiyi barədə rəy yarada biləcək bir tamaşa Moskvanın nəyinə lazım? Məgər Lukaşenkoya dəstək vermək üçün başqa yol tapmaq mümkün deyildimi? Bütün vasitələr tükəndi, ən sonda ”vaqnerçilər”in yaxalanması barədə şou düzəltmək ideyası ağıla gəldi? İnandırıcı görünmür”.

Moskvanın Lukaşenkonu hakimiyyətdən kənarlaşdırmaq, yerinə öz namizədini gətirmək planının olması nə qədər realdır? Politoloq bildirir ki, ötən ilin sonlarında Lukaşenko Putinin birləşmə təklifini rədd etdikdən bəri münasibətlərdə soyuqluq müşahidə olunur: “Lakin Rusiyanın inqilab, çevriliş kimi radikal metodlarla Belarusda iqtidar dəyişikliyinə getmək istədiyini iddia etməyə əsasımız yoxdur. Moskva, sadəcə, Belarusda xaosun yaranmasında və bəlkə də, proseslərin müəyyən müddət Lukaşenkonun nəzarətindən çıxmasında maraqlı ola bilər. Rusiya xüsusi xidmət orqanları elə bir vəziyyətin yaranmasına çalışa bilərlər ki, Lukaşenkonun Rusiyadan kömək istəməkdən başqa çarəsi qalmasın. Belarus daxilində kütləvi etirazların başlaması, qarşıdurmanın yaranması və Lukaşenkonun etirazları sərt şəkildə yatırıb, repressiyalara əl atması da Rusiyanın maraqlarına cavab verərdi. Bu halda Belarus və Qərb arasında son aylar qurulmaqda olan kövrək körpülər yenidən dağılacaq və Lukaşenkonun yenidən Moskvaya üz tutmaqdan başqa alternativi qalmayacaq”.