ABŞ və Çin arasındakı mübarizənin yaxın gələcəkdə dünya iqtisadiyyatına nə vəd etməsi ilə bağlı iqtisadçı Natiq Cəfərlinin Axar.az-a müsahibəsini təqdim edirik:
– ABŞ-ın və Çinin indiki vəziyyətdə mövqeyi yaxın gələcək üçün nə vəd edir?
– Çin və ABŞ hər ikisi nüvə dövlətidir, BMT-nin daimi üzvləridir. Onlar həm də bir-birlərinə qarşı veto qoymaq hüququna malikdir. İki ölkə arasında baş verə biləcək birbaşa hərbi münaqişə bütün dünyanın sonuna gətirib çıxara bilər. Amma onlar hibrid müharibələr – yəni başqa ölkələrin ərazilərində, başqa ölkələrin vasitəsilə bir-birlərinə təsir etməyə, bir-birlərinin siyasətində müəyyən düzəlişlər etmək üçün məcbur edilmə siyasəti apara bilər. ABŞ istəyir ki, Çinə öz siyasətini diktə etsin. Çin isə buna razılıq vermir. Münaqişə də əslində bunun üzərindədir. ABŞ-ın istəklərindən biri də Çində hüquqi dövlət yaranmasıdır. Çünki Çində saxta brendlərin və malların istehsalı geniş yayılıb. Bu da ABŞ istehsalçılarının, brend sahiblərinin ciddi maliyyə itkilərinə səbəb olur. ABŞ-ın məqsədi Çini sivil oyun qaydalarına dəvət etməkdir. Əgər bu alınsa, ciddi münaqişələrdən də qaçmaq mümkün olacaq.
– ABŞ-ın Çinə qarşı aktiv siyasəti onun gələcəkdə Rusiya ilə hansısa ittifaqa girməsi ilə nəticələnə bilərmi?
– Əslində, bu, çox maraqlı məsələdir. Çünki hələ 20 il bundan öncə Bjezinskinin “Böyük şahmat taxtası” adlı kitabda belə bir ehtimal var idi ki, gec-tez Çinə qarşı Rusiya və ABŞ-ın əməkdaşlığı və birliyi yaranacaq. Bu qaçılmazdır. Çünki Çinin böyüməsi, eksponsiyası hər iki dövlətə böyük təhdiddir. Bu ehtimalları nəzərə alsaq, gələcəkdə belə bir ittifaqın yaranması mümkündür. Amma bu o halda olacaq ki, Rusiya və ABŞ arasında olan problemlər həllini tapsın. Amma hələ ki, bu problemlərin həllini tapacağı gözlənilmir. Rusiyaya qarşı ciddi sanksiya rejimi var. Rusiyanın aqressiv siyasətinin dayandırılması yönündə ABŞ-ın bəzi addımları da oldu. Yəni bu ittifaqın yaradılması Rusiyadan daha çox asılı olan məsələdir. Əgər Rusiya gələcəkdə özünə ən böyük təhdid kimi Çini görsə və Çinə qarşı AB, ABŞ kimi müttəfiqlər axtarsa, məcburdur ki, öz siyasətinə də korreksiyalar etsin. Onu da deməliyəm ki, Çin Rusiya üçün daha böyük təhlükədir. Çinin artıq Rusiyaya mədəni ekspansiyası başlayıb. Amur çayı, Baykal gölü ətrafına yüzminlərlə çinlinin köçməsi xəbəri yayılmağa başlayıb. Yəni artıq yumşaq güc şəklində Çin həmin torpaqlarda öz koloniyalarını, vətəndaşlarını yerləşdirməklə məşğuldur. Bu da Rusiya üçün daha böyük təhlükədir.
– Əgər ABŞ Rusiya ilə ittifaqa girsə, bu, Cənubi Qafqaz ölkələri üçün hansı nəticələrə gətirib çıxaracaq?
– Cənubi Qafqaz ölkələrinə Çinin təsirləri minimum səviyyədədir. Bura hələ də ən böyük təsir gücünə Rusiya malik olsa da, Qərb dövlətləri, Avropa Birliyi legitim alətlər vasitəsi ilə Cənubi Qafqaz ölkələrinin siyasətlərinə təsir göstərməyə çalışır. Çox zaman da buna nail olur. Gürcüstan açıq şəkildə Qərbə inteqrasiya yolunu tutub. Ermənistanın yeni hökuməti də Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsini istəyir. Azərbaycan ötən il AB ilə yeni protokollar imzaladı. Bu ilin ortalarında AB ilə yeni əməkdaşlıq sazişinin imzalanması gözlənilir. Yəni Qərb dövlətlərinin və Rusiyanın Cənubi Qafqaza təsir mexanizmləri kifayət qədərdir. Amma Çinin hər hansı formada bura təsir mexanizmi yoxdur. ABŞ və Rusiyanın Çinlə arasında olan münaqişəsi dərinləşsə, bu, ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər və dünya iqtisadiyyatının zəifləməsinə gətirib çıxarar. Çünki Çin və ABŞ ikisi bir yerdə dünya iqtisadiyyatının az qala yarısını təşkil edir. Onların münaqişəsi ümumilikdə dünyaya ziyan vurar. Amma bir məsələni də xüsusi qeyd etməliyik ki, Çin və ABŞ nə qədər çox sözlü müdaxilələrlə bir-birinə qarşı çıxsalar da, bir-birindən ayrı da yaşaya bilməzlər. Çünki iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 1,1 trilyon dollardır.