Kriştiano Ronaldonun “Milan”la oyunda meydandan çıxarılarkən verdiyi əsəbi reaksiyanı dəyərləndirən Patrik Viyera “Yuventus”da tək ulduz klubun özüdür” deyirdi.

Ancaq bu yanaşma həqiqətən olmaya da bilər. Ronaldo “Yuventus”dan daha böyükdür. Ən azından “CR7” markası buna iddia edə bilər. “Yuventus”un onu transfer etməsinin arxasındakı səbəb də məhz bu idi.

Dibala ilə dəyişiklikdən sonra birbaşa paltardəyişmə otağına gedən portuqaliyalının cəza almaması da buna görədir.

Hər hansı cəza olmadığı kimi üzr istəmək də olmadı. Ronaldonun hadisə ilə bağlı tək açıqlaması “İnstagram” hesabından gəldi: “Çətin oyun, önəmli qalibiyyət”.

“Yuventus” baş məşqçi Sarrinin bəhs etdiyi diz zədəsi barədə narahatlıq keçirir. Nəticədə, sağlam Ronaldo onlar üçün əsas məsələdir. Onun sağlam şəkildə meydanda və kənarda göz önündə olmasına, oyunlarda qalib gəlməsinə və yeni azarkeşlər qazanmasına ehtiyacları var.

Related image

Corco Çellininin Ronaldonun Turinə gələcəyi xəbərlərinə qarşı səsləndirdiyi fikirlər yetərincə açıqlayıcı idi:

“Çox həyəcanlıyıq. Oyunçulardan məşqçilərə, direktorlardan marketinq bölməsinə qədər hər kəs onunla işləməyə can atır”.

İqtisadiyyat üzrə təhsili olan Çellini üçün Ronaldo həmləsinin sadəcə idman faktorlarına dayanmadığını görmək çətin deyildi.

Klub prezidenti Andrea Aqnelli Ronaldonun öz dönəmində maddi tərəflər düşünülərək edilən ilk transfer olduğunu etiraf edəcəkdi.

33 yaşlı forvard üçün maaş və vergi xərcləri daxil 340 milyon avro xərcləməyin başqa məntiqli açıqlaması ola bilərdimi?

“Ronaldo effekti” əsas faktordur

Image result for chiellini ronaldo

“Il Sole 24 Ore” yazarı və “İtaliya Futbolunun sonu” kitabının müəllifi Marko Bellinazzo bu transferi “Goal”a belə şərh edir:

“Aqnelli kluba gəldikdən sonra “Yuventus” böyüyürdü, ancaq bilirdilər ki, Avropanın zirvəsinə yüksəlmək üçün A Seriyasının sərhədlərini aşmaqları lazımdır. “Yuventus” özünü “Real Madrid”, “Barselona” və “Mançester Yunayted” kimi klubların yanına qoymağa çalışır. Bu kimi klublarla yarışmaq üçün heyətdə sosial şəbəkələrdə izləyicisi çox olan ulduzlara ehtiyac var. Keyfiyyət məşhurluqla birləşdiyi zaman klubun qazancının artmasına gətirib çıxarır. Ronaldo “Yuventus”un bu hədəfləri üçün ən ideal transfer idi”.

Portuqaliyalı həm meydanda, həm də marketinq vasitəsi kimi məyusluq yaratmadı.

Fevral ayında 34 yaşını qeyd edən Ronaldo A seriyasının “ən dəyərli oyunçusu” seçilərkən liqada 21 qol vurdu. Çempionlar Liqasında etdiyi unudulmaz “het-trik” “Atletiko Madrid” üzərində 0-2 hesablı məğlubiyyətdən sonra böyük səs-küy yaratmışdı.

5 dəfə “qızıl top” qazanan Ronaldonun meydandan kənarda təsir gücü daha böyük oldu və daha tez hiss olundu.

Turin klubuna gedəcəyi xəbər rəsmiləşdiyi gözlənilən 24 saatda klubun sosial şəbəkə hesablarına 2,2 milyon yeni izləyici qatıldı. Və bu artım 17 aydır ki, fasiləsiz şəkildə davam edir. “İnstagram”da 10 milyon izləyicisi sayı 33,5 milyona yüksələn “Yuve”nin “Youtube”da izləyici sayı isə üç dəfə artdı.

“Qoca sinyora” “Facebook”da 7,5 milyon izləyici qazanarkən, “Twitter” hesabında 1,7 milyonluq artım yaşadı. Sentyabr ayında klubun portuqal dilində Twitter hesabını yaratması da təsadüf deyildi.

Ən çox nəzərə çarpan artım “Çin Facebook”u kimi qiymətləndirilən “Sina Weibo”da izləyici sayının 10 qat artması oldu.

Dünya üzrə sahib olduğu populyarlıq Ronaldonu “Yuventus” üçün dəyərli edən birinci özəllikdir.

“İnstagram”da ən çox izlənən insandır və bu da onu dünyanın ən məşhur siması halına gətirir.

Ötən həftələrdə 2 vloq nəhəngi Loqan Pol və KSİ Los Ancelesdə “Youtube” boks kəməri uğrunda qarşı-qarşıya gəldikdə bu məsələnin önəmi daha da aydınlaşdı.

“Yuventus”un hissədarlarının iclasında “İdmanın izahı dəyişir” deyən Aqnelli yeni strategiyaların gərəkliliyinə toxunacaqdı.

“E-Spor kimi əyləncə növləri güclü yüksəlişdədir. Bunlar üzərində düşünməli olduğumuz məsələlərdir. Digital fəallıqlar qlobal mövqemiz üçün əsas təməldir”.

“Yuventus” hədəflərini açıqlayarkən, təsirli kütləyə sahib insanların dövründə işin ən yaxşısını transfer etdi.

Ronaldonun gəlişi klub üçün yeni qapıların açılması mənasına gəlirdi.

Related image

“Yuventus” Ronaldodan əvvəl də brendini gücləndirmək üçün çox enerji sərf edirdi.

Bu nöqtədə sözü təkrar Bellinazzoya buraxmaq ən doğrusu olacaq:

“Yuve” İtaliya futbolunun sərhədləri içində iqtisadi olaraq daha artıq böyüyə bilməcəyini gördü. 40 min azarkeş tutumuna malik stadion Çempionlar Liqasını düşündükdə kiçik sayılır və siz bilet qiymətlərini bir yerə qədər yüksəldə bilərsiniz. Ötən mövsüm olan qiymət artımları etirazla qarşılanmışdı”.

“A Seriyası tərəfindən idarə edilən tv yayım hüquqları, liqanın La Liqa və Premyer Liqa qədər diqqət çəkməməsi səbəbi ilə qısa müddətdə yaxşılaşmayacaq. Əldə edilən mənfəət “Yuventus”un ingilis rəqiblərindən fərqli olaraq, avantaj yaratmasına mane olacaq şəkildə bölünür. Bütün bunlar düşünüldüyündə “Yuventus” sadəcə dövlətlər arası böyümə sayəsində gerçəkləşdirə bilir. Bunun üçün Kriştiano Ronaldo kimi Qərb, Amerika və Asiya qitələrində məşhur olan bir əfsanəyə ehtiyacınız var”.

Bellinazzo İtaliya nəhənginin bunu sponsorları cəlb etmək üçün etdiklərini belə izah edir:

“Yuve” şirkətlərin diqqətini çəkmək üçün həmlələr edirdi. Loqonun modernləşdirilməsi ilk ağıla gələn dəyişikliklərdən oldu. Ağ-qara şaquli xəttlərin Şimali Amerika izləyicisinə hakimləri xatırlatması səbəbindən forma dizaynında dəyişiklər edildi. Bu mövsüm gündüz saatlarında daha çox oyun keçirirlər, çünki Asiya qitəsindən daha rahat izlənə bilir. Bütün bunları kluba beynəlxalq sferada maraq qatmaq üçün etdilər”.

Bu yanaşma forması işə yaradı, “Juventus” markası şirkətlər üçün indi daha cəzbedicidir.

“Adidas” ilə “Yuve” yanvar ayında 7 illik yeni və daha yaxşı şərtlərlə müqavilə imzaladı. Əvvəlki müqaviləni 2 dəfə yüksəldən Juventus yeni sazişlə 357 milyon avro qazanc əldə etdi.

Keçən ay titul sponsoru “JEEP” ilə də müqaviləni uzadan İtaliya nəhəngi gəlirini 17 milyon avrodan 42 milyona yüksəltdi.

Klubun yeni əməkdaşlıq qurduğu şirkətlər isə daha əlverişli olmağa başladı. Məsələn, “Konami” ilə imzaladıqları müqavilə…

PES oyununa “Yuventus”un oyunçu adları hüququnu almaq istəyən yapon firması Ronaldonun da klubda yer alması haqqında həyəcanını gizlətməyəcəkdi:

“Bizim üçün möhtəşəm oldu. Ronaldonun varlığı əməkdaşlığımıza həm görüntü, həm də önəmlilik mənasında dəyər qatacaq”.

“Yuventus” da Ronaldonun varlığından eyni şəkildə faydalanır. Əlbəttə, bu faydalar üçün klub həm də yaxşı ödəniş edir:

Bellinazzo “Yuventus”un öhdəsinə düşən məsuliyyətlərdən də danışıb:

“Yuve” Ronaldoya vergilər də daxil illik 85 milyon avro ödəyir. Forma satışlarından bu pulu çıxaracağını düşünmək ağılsızlıq olar. Ancaq Ronaldonun məhsulların satışlarının artmasına və digər sponsorlarla daha sərfəli şərtlərlə müqavilə imzalanmasına qatdığı pay da ortadadır. Bilet satışında 70 milyon avroluq artımı da onun varlığı ilə əlaqələndirmək mümkündür. Ronaldonun təsiri hərkəsin görəbiləcəyi şəkildədir.

“Yuventus”un problemi qısa müddətdə sadəcə gəlirlərin deyil, həm də xərclərin yüksəlməsi oldu. Ronaldonun ilk mövsümündə sadəcə transfer prosesində qazancı 150 milyon avro oldu, 40 milyon avro da zərər etdi. Çempionlar Liqasında “Ayaks”a məğlub olaraq mübarizəni dayandırmaq Turin klubuna 20-30 milyon avro arası maddi ziyan vurdu.

“Yəni, “Yuventus” üçün Ronaldonun yaratdığı fürsətlər qədər UEFA turnirlərində son turlara qalmaq da həyati önəm daşıyır. Çünki, İtaliyada mübarizə apararaq bənzər pulları qazana bilməyəcəklər”.

Related image

Bellinazzo burada sözü Avrupa klublarının dövlətlər arası “Super Liga” layihəsinə gətirir:

“Aqnellinin daha çox gəlir potensialı olan “Avropa Super Liqası” üçün bu qədər fəallıq göstərməsi təəccüblü deyil. İngilislər Premyer Liqa sayəsində buna ehtiyac duymurlar. “Barselona” və “Real Madrid” hazırda nəhəng markalardır. “Yuventus” isə “Bavariya” kimi yerli liqada daha çox böyümə imkanı olmayan klıubdur. Bu səbəblə də daha da inkişaf etdirilmiş və daha zəngin Avropa turniri istəyirlər”.

Bu hədəfləri düşünəndə Ronaldo bir layihənin sonu olmaqdan çox uzaqdadır. Aqnellinin əsas hədəfi bir “Super Liqa” qurmaqdır. Ən azından 2024 və davamında radikal şəkildə dəyişmiş bir turnirdə yer almaqdır.

O vaxta qədər isə “Yuventus” Ronaldonun faydasından idman və maddi baxımdan yararlanmaq məcburiyyətindədir.

Ronaldo Turini sadəcə mövcudluğu ilə digər oyunçular üçün daha maraq doğuran hala gətiriməyi bacarır. Matteys de Liqtin “Yuventus”u seçməsi buna ən böyük nümunə ola bilər.

Aqnellinin daha əvvəl də bildirdiyi kimi, sıradakı Ronaldonu 33-də yox, 25 yaşında transfer etmək üçün uyğun mövqe hazırlayırlar.

“Ronaldo sadəcə ilk addımdır” deyən Bellinazzo “Yuventus”un iqtisadi durumunu belə açıqlayır:

“Çox yüksək profilli oyunçudur, ancaq arxası da gələcək”.

“Təşkilati zərərləri bir kənara qoyanda 300 milyon avroluq sərmayə artımını açıqladılar. Aqnelli dönəmində ikinci dəfə bu səviyyədə yüksəliş əldə olundu. İlki 2011-ci ildə 120 milyon avro olaraq açıqlanmışdı. Bu dəfə isə İtaliya futbolu üçün inanılmaz rəqəm oldu”.

“Bu da təbii olaraq marketinq və futbol mövzularında daha aqressiv bir “Yuventus” izləməyimizə səbəb olacaq. Bəhsi keçən xərclərin balansını qorumaq ancaq oyunçu satışı ilə mümkün ola bilər. Bu yayda bunun o qədər də asan olmadığını gördük. Bəzi futbolçuları sata bilmədilər və bu durum onlara ümumilikdə 500 milyon avroluq maaş və faiz ödəməsinə başa gəldi. “Yuventus”un yüksək maaşlı futbolçularından bəzilərini satması qaçılmazdır”.

Image result for ronaldo juventus

Günlərin birində Ronaldo da satılanlar arasına girə bilər, ancaq, Çempionlar Liqası qazanmadan bunun gerçəkləşəcəyi real görünmür.

Bellinazzo fikirlərini belə yekunlaşdırır: “Nəticə olaraq, “Yuventus” Ronaldonu alaraq geri dönüşü olmayan bir yola çıxdı. “Yuventus” böyüməyə və qazanmağa davam etmək məcburiyyətindədir. Bu ikisi bir-biri ilə sıx bağlıdır. Ronaldo bu 2 çətin vəzifənin öhdəsindən gəlmək üçün vacib fiqurdur”.

Bu transfer “Yuventus”un Avropanı fəth etməsi üçün romantik xəyal deyil. Ronaldonun gəlişi bütün dünyanı fəth etməyi hədəfləyən bir klubun tətbiq etdiyi ağıllı strategiyadan ibarətdir.

Bunu bilmək üçün isə yüksək iqtisadi biliklər tələb olunmur…

Mənbə: Goal.com

Tərcümə: Zeynəb Əliyeva