Yanvarın 31-də 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunun seçicilərlə növbəti məhəllə görüşü keçirilib.

Musavat.com xəbər verir ki, Gəncə prospektində keçirilən görüşə dəqiqələr qala bir neçə yaşlı qadın ərazidə təxribata cəhd ediblər. Onlardan biri R.Arifoğlunun seçki qərargahının ərazidə olan üzvlərinə təzyiq göstərərək, “bizim öz namizədimiz var, siz burada görüş keçirə bilməzsiniz”, deyib.

Həmin qadın qərargah üzvləri ilə mübahisə edib, onları təxribata çəkməyə cəhd göstərib. Bu qadınlar sadəcə görüş zamanı deyil, R.Arifoğlunun təbliğat işləri ilə məşğul olan komandasını da izləyir, onlara mane olmağa çalışırlar.

Təhqiramiz ifadələrdən çəkinməyən qadınlardan biri haqqında ötən gün məlumat vermişdik. Bu addımların növbəti insidentə səbəb olmaması, eləcə də gözlənilən təxribatın qarşısının alınması üçün R.Arifoğlunun seçki qərargahının rəhbəri Çingiz Özgür müvafiq polis bölməsinə müraciət edib. Əraziyə gələn hüquq-mühafizə orqanı əməkdaşları qadınlardan birini oradan uzaqlaşdıraraq gözlənilən insidentin qarşısını alıblar.

Hadisədən dəqiqələr sonra isə Ümid Partiyasının sədri, deputatlığa namizəd İqbal Ağazadədən ilginc açıqlama gəlib. İ.Ağazadə sosial şəbəkədəki statusunda sözügedən qadının öz üzvləri olduğunu etiraf edib. (Ətraflı linkdə: https://musavat.com/news/texribatci-qadinlarin-arxasindan-umid-partiyasi-cixdi-partiya-sedrinden-sok-etiraf-fotolar-videolar_675952.html)

Bu gün isə təxribatçı qadınlardan digərinin də arxasında İqbal Ağazadənin olduğu ortaya çıxıb. Belə ki, İ.Ağazadə bu gün M.Ə.Sabir adına kitabxanada seçicilərlə görüş keçirib. Həmin görüşdən özünün paylaşdığı fotolarda digər təxribatçı qadınla fotosu da yer alıb.

Ötən gün Rauf Arifoğlunun seçiciləri ilə görüşünə mane olmağa çalışan, hay-küy salan, təhqirlər yağdıran qadın bu gün İqbal Ağazadə ilə görüşür, bəlkə də vəzifəsini necə yaxşı icra etdiyi ilə bağlı hesabat verir.

Musavat.com