Rəsmi Bakıdan Moskvaya sərt ETİRAZ: “Bu təcrübəyə son qoyulmalıdır!”
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinin Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi son bəyanatlara kəskin və qətiyyətli reaksiya verib. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) barədə dediyi sözlər rəsmi Bakı tərəfindən reallığın kobud şəkildə təhrif olunması kimi qiymətləndirilib.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə rusiyalı həmkarının şərhinə cavab olaraq yerli medianın suallarını cavablandırarkən bildirib. Qurum rəsmisi xatırladıb ki, Qarabağ bölgəsi Rusiya Federasiyası da daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb.
A.Hacızadə Moskvaya xəbərdarlıq edərək bu ifadələri diqqətə çatdırıb:
“KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi tamamilə əsassızdır. Bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə tamamilə ziddir. Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə artıq son qoyulmalıdır”.
XİN rəsmisi əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn ali tələblərinə uyğun olaraq öz gücü hesabına bərpa edib və bununla da keçmiş münaqişə birdəfəlik tarixə qovuşub.
Qeyd edək ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova “Qvardeysk” gənclər forumunda çıxışı zamanı Ermənistanın KTMT-ni köməyə çağırmasını tənqid edərək bildirmişdi ki, İrəvan Qarabağı heç vaxt öz ərazisi və ya müstəqil subyekt kimi tanımadığı üçün həmin şəraitdə təşkilatın kollektiv təhlükəsizlik mexanizmindən istifadə olunması hüquqi cəhətdən onsuz da qeyri-mümkün idi. Rəsmi Bakı isə Qarabağ mövzusunun bu kontekstdə alət edilməsinə kəskin etiraz edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran ABŞ-ın təkliflərini rədd etdi – Danışıqlar yarımçıq qaldı
Zelenski ABŞ-a getdi – Tramp və komandası ilə kritik görüşlər keçiriləcək
Zelenskidən səs-küylü bəyanat: “O iki ölkə bizə artıq hücum edib!”
Tramp və Zelenski Ağ Evdə üz-üzə gələcək – Tarix açıqlandı