27.10.2026 - 17:34
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?
Kriminal 118 baxış

İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?

Baku.ws-ın məlumatına görə, Abşeronun Masazır qəsəbəsində iki gəncin ölümü ilə nəticələnən qəzanı törədən sürücü, həbs edildikdən cəmi 3 gün sonra ev dustaqlığına buraxılıb. Bu barədə “Qafqazinfo”ya qəza qurbanlarından biri olan Fərid Yusifzadənin qardaşı Naib Yusifzadə məlumat verib.

Hadisə oktyabrın 11-i gecə saatlarında Masazır qəsəbəsində baş verib. Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi “KIA Rio” markalı avtomobil motosikletlə toqquşub. Nəticədə, motosikletdə olan 21 yaşlı Allahverən Məlikov və 19 yaşlı Fərid Yusifzadə hadisə yerində həyatlarını itiriblər. İlkin araşdırma zamanı məlum olub ki, motosikleti idarə edən A.Məlikovun sürücülük hüququ olmayıb.

“KIA Rio”nun sürücüsü Araz Mürsəlli Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirərək, təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasına qərar verib. Hakim Elçin Məmmədovun qərarına görə, istintaqın ilk günlərində təqsirləndirilən şəxs istintaqdan yayınmayıb və hadisə ilə bağlı ekspert rəyi hələ mövcud deyil.

Zərərçəkmişlərin ailələri bu qərardan narazıdırlar və təqsirləndirilən şəxsin azadlığa buraxılmasına etiraz edirlər. Onların sözlərinə görə, heç bir barışıq olmadığı halda belə bir qərar qəbul edilməsi doğru deyil.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və əgər təqsirləndirilən şəxsə verilmiş ittiham təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: